Müəllif:Mehin Qasımova,Banco.az
Dəmir filizinin qiyməti investorların mövqelərini bağlaması, Çində bayram öncəsi ehtiyatların artırılacağı ilə bağlı gözləntilər və yüksək yükdaşıma xərclərinin təsiri ilə yeddi həftə ərzində ilk dəfə ton başına 100 dolları ötüb.
Banco.az xəbər verir ki, polad istehsalında istifadə olunan dəmir filizi fyuçersləri Sinqapur birjasında 1,6%-ə qədər bahalaşaraq ton başına 101,10 dollara yüksəlib. Bu, 2 iyuldan bəri gün ərzində qeydə alınan ən yüksək qiymət olub.
Yuanla ifadə olunan dəmir filizi fyuçersləri də 1,8%-ə qədər artıb.
S&P Global Energy şirkətinin quru yükdaşıma və əmtəə tədqiqatları üzrə rəhbəri Pranay Şuklanın sözlərinə görə, qiymətlərdəki yüksəliş əsasən investorların əvvəlki mövqelərini bağlaması ilə əlaqədardır.
Bununla yanaşı, bazarda dəmir filizinin qiymətini dəstəkləyən digər amillər də mövcuddur. Çində polad zavodlarının oktyabr ayında keçiriləcək Milli Gün bayramından əvvəl dəmir filizi ehtiyatlarını artıracağı gözləntiləri güclənib.
Eyni zamanda, sentyabr ayında tikinti sektorunda mövsümi canlanmanın baş verəcəyi ilə bağlı nikbinlik də dəmir filizinə olan tələbin artacağı gözləntilərini gücləndirib.
