Dəfələrlə ölümdən qurtuldu, lotereyada 1 milyon dollar qazandı | Banco.az

Dəfələrlə ölümdən qurtuldu, lotereyada 1 milyon dollar qazandı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Xorvatiyalı musiqi müəllimi Frane Selak həyatı boyunca dəfələrlə ölümlə üz-üzə gəldiyini və müxtəlif qəzalardan sağ çıxdığını söyləyərək dünya şöhrəti qazanıb.

Banco.az xəbər verir ki, qatar qəzasından təyyarə hadisəsinə, avtomobil yanğınlarından uçurumla nəticələnən qəzaya qədər bir sıra hadisələrdən xilas olduğunu bildirən Selak sonradan lotereyada təxminən 1 milyon dollar dəyərində böyük uduş qazanması ilə də gündəmə gəlib.

Selakın sözlərinə görə, ilk böyük qəzası 1962-ci ildə baş verib. Sarayevodan Dubrovnikə gedən qatarın relsdən çıxaraq buz kimi soyuq çaya düşdüyünü, onun isə sahilə çıxaraq sağ qaldığını bildirib. Bir il sonra isə təyyarənin qapısının uçuş zamanı açılması nəticəsində havaya sovrulduğunu və saman qalağının üzərinə düşərək xilas olduğunu iddia edib.

Sonrakı illərdə Selak avtobusun çaya düşməsi, iki avtomobil yanğını və Zaqrebdə avtobusun onu vurması kimi hadisələrdən də sağ çıxdığını söyləyib. Daha sonra dağ yolunda avtomobilinin uçurumdan yuvarlandığını, özünün isə ağaca tutunaraq xilas olduğunu bildirib.

Beləliklə, Selakın ümumilikdə yeddi dəfə ölümdən qurtulduğu barədə hekayəsi beynəlxalq mediada geniş yayılıb. Lakin bu hadisələrin hamısının müstəqil rəsmi sənədlərlə təsdiqlənmədiyi və bəzi təfərrüatların mənbələrə görə dəyişdiyi qeyd olunur.

2003-cü ildə isə Selak Xorvatiyada lotereyada böyük uduş qazanıb. Məbləğ müxtəlif mənbələrdə fərqli göstərilsə də, təxminən 1 milyon dollar olduğu bildirilir. O, sonrakı illərdə sərvətinin böyük hissəsindən imtina edərək daha sadə həyat sürməyi seçib.

1929-cu ildə doğulduğu bildirilən Frane Selak 2016-cı ildə vəfat edib. Onun bütün qəza hekayələri təsdiqlənməsə də, qeyri-adi həyat yolu ona uzun illər “dünyanın ən şanslı adamı” adını qazandırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram