Müəllif:Mehin Qasımova,Banco.az
Bitkoinin 85 min dollardan aşağı səviyyədə ticarət olunduğu bir vaxtda kriptovalyutanın 190 min dollardan yuxarı yüksələ biləcəyini göstərən ssenari ortaya çıxıb.
“Strive” şirkətinin investisiya üzrə vitse-prezidenti Adam Livinqstonun hesablamalarına görə, bunun üçün iki əsas şərtin eyni vaxtda reallaşması lazımdır. Qızılın qiyməti 15% artaraq unsiya üçün 4760 dollara yüksəlməli və Bitkoin/qızıl nisbəti əvvəlki zirvəsinə qayıtmalıdır.
Bu iki şərt reallaşarsa, Bitkoinin qiyməti 190 860 dollara çata bilər.
Bitkoin/qızıl nisbəti 2024-cü ilin dekabrında təxminən 40 unsiyaya çatıb. Həmin vaxt Bitkoin 106 140 dollar, qızıl isə 2662 dollar səviyyəsində ticarət olunub.
Hazırda isə bu nisbət təxminən 20,4 unsiyadır. Bitkoinin 84 600 dollar ətrafında olduğu nəzərə alınarsa, göstərici əvvəlki zirvəsi ilə müqayisədə təxminən 49% aşağıdır.
Livinqstonun ssenarisinə əsasən, Bitkoin/qızıl nisbəti 40,1-ə yüksələr, qızılın qiyməti isə 4760 dollara çatarsa, Bitcoinin qiyməti 190 860 dollara yüksələ bilər.
Bu ssenari böyük Bitkoin ehtiyatları ilə tanınan "Strategy" şirkəti üçün də əhəmiyyətli nəticə yarada bilər.
Bitoiknin qiyməti 190 858 dollara yüksələrsə, şirkətin 847 666 BTC həcmində ehtiyatlarının ümumi dəyəri təxminən 161,8 milyard dollara çata bilər. Bu, hazırkı səviyyə ilə müqayisədə təxminən 90 milyard dollarlıq artım deməkdir.
Bununla belə, bazardakı digər proqnozlar 190 min dollarlıq səviyyədən xeyli aşağıdır. Məsələn, Citi analitiklərinin 12 aylıq Bitkoin qiymət hədəfi 113 min dollar təşkil edir.
Livinqstonun ssenarisində əsas məqam qızılın bahalaşmasından daha çox Bitkoin/qızıl nisbətinin əvvəlki zirvəsinə qayıtmasıdır. Bu şərtin reallaşması halında Bitkoinin 190 min dollardan yuxarı yüksəlməsi mümkün ssenari kimi nəzərdən keçirilir.
