Müəllif: Mehin Qasımova, Banco.az
12 dövlət işğal olunmuş Fələstin ərazilərindəki İsrail yaşayış məntəqələri ilə ticarəti dayandırmaq qərarına gəlib.
Banco.az xəbər verir ki, Kanada, Danimarka, Finlandiya, Fransa, İslandiya, İrlandiya, Norveç, Polşa, Portuqaliya, İspaniya, İsveç və Böyük Britaniyanın xarici işlər nazirləri birgə bəyanatla çıxış edərək bu addımı Qərb Şəriyədə vəziyyətin pisləşməsi ilə əlaqələndiriblər.
Ölkələr İsrailin Qərb Şəriyədəki fəaliyyətlərinin iki dövlətli həlli təhlükə altına atdığını və Fələstin ərazilərində yaşayış məntəqələrinin genişləndirilməsinin dayandırılmalı olduğunu bildiriblər. Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband ölkəsinin işğal olunmuş ərazilərdəki qanunsuz yaşayış məntəqələrindən malların idxalını qadağan edəcəyini açıqlayıb.
Miliband həmçinin yaşayış məntəqələrinin tikintisi, infrastrukturunun inkişafı, maliyyələşdirilməsi və daşınmaz əmlak fəaliyyəti ilə məşğul olan şirkət və şəxslərə qarşı əlavə sanksiyaların tətbiq ediləcəyini bildirib. Fransa xarici işlər naziri Jan-Noel Barro da ölkəsinin digər 11 dövlətlə birlikdə işğal olunmuş Fələstin ərazilərindəki İsrail yaşayış məntəqələri ilə ticarətə son qoyacağını açıqlayıb.
Fransa tərəfi qərarın Qərb Şəriyədə vəziyyətin “qırılma nöqtəsinə” çatması və fələstinlilərə qarşı zorakılığın artması fonunda qəbul edildiyini bildirib.
Bu addımların əsas məqsədi İsrail yaşayış məntəqələrinin genişlənməsinə iqtisadi dəstəyin qarşısını almaq və iki dövlətli həll perspektivini qorumaqdır.
