63 milyon tamaşaçı, milyardlarla dollar gəlir: Dünya Kuboku finalı tarixə düşdü | Banco.az

63 milyon tamaşaçı, milyardlarla dollar gəlir: Dünya Kuboku finalı tarixə düşdü

Müəllif:Mehin Qasımova,Banco.az

İspaniya və Argentina arasında keçirilən 2026-cı il Dünya Kubokunun final oyunu ABŞ televiziya tarixində ən çox izlənilən futbol yayımı olub.

Banco.az xəbər verir ki, "Nielsen" şirkətinin məlumatına görə, qarşılaşmanı ümumilikdə təxminən 63 milyon tamaşaçı izləyib.

Oyunun ingilis dilində "Fox" və "Fox One" platformalarında yayımlanan versiyası 38,9 milyon, ispan dilində "Telemundo" və "Peacock" platformalarında yayımlanan versiyası isə 23,9 milyon izləyici toplayıb.

Final görüşü iyulun 19-da ABŞ-ın Nyu-Cersi ştatında keçirilib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma əlavə vaxtda İspaniyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın fasiləsində Madonna, Şakira, Castin Biber və Cənubi Koreyanın BTS qrupu səhnə alıblar.

Turnirin yayım göstəriciləri də diqqət çəkib. "Fox" kanalında Dünya Kuboku oyunlarının ümumi auditoriyası 2022-ci ildə Qətərdə keçirilən mundialla müqayisədə iki dəfə artıb. Antenna şirkətinin məlumatına əsasən, turnir müddətində "Fox One" platforması rekord sayda – 2,8 milyon yeni abunəçi qazanıb.

"Brand Finance" hesablamalarına görə, 2026-cı il Dünya Kuboku turniri 21 rəsmi sponsorun ümumi biznes dəyərini 61 milyard dollar artırıb. Sponsorların turnirə yatırdığı investisiyaların həcmi isə 2,8 milyard dollar təşkil edib.

Çempionat ərzində sponsor brendlərin ümumi dəyəri 7,2 milyard dollar artıb. Ən böyük artımı Saudi Aramco qeydə alıb. Şirkətin biznes dəyəri 26,14 milyard dollar, brend dəyəri isə 1,08 milyard dollar yüksəlib.

Hesabatda qeyd olunur ki, 2026-cı il Dünya Kuboku brendinin ümumi dəyəri 5,2 milyard dollar qiymətləndirilir. Bu dəyərin formalaşmasında ən böyük payı isə 1,9 milyard dollar ilə sponsorluq gəlirləri təşkil edir.