Son günlər gündəmin əsas müzakirə mövzularından biri olan və ictimaiyyətdə geniş rezonans yaradan “Məhdudiyyətlərə Meydan Oxuyaq” layihəsi ilə Bank of Baku fiziki məhdudiyyəti olan şəxslərin probleminə cəmiyyətin diqqətini cəlb etməyə nail olub.
Artıq bir həftədir ki, sosial media şəbəkələrində fiziki məhdudiyyətlərə #meydanoxu həştəqi ilə davam edən çağırış aksiyasında fiziki əlilliyi olan şəxslərə dəstək olanların sayı günü-gündən daha da artmaqdadır.
Fiziki məhdudiyyətin insanlar üçün öyrənmək, inkişaf etmək, işləmək və digər həyati vacib fəaliyyətlərdə əngəl olmadığını göstərən layihə çərçivəsində iştirakçılar artıq ilk mövzu ətrafında – bloqçuluq üzrə təlimdə iştirak ediblər.
Hərəkət məhdudiyyəti olan 31 yaşlı Səbuhi Talıbov “Məhdudiyyətlərə Meydan Oxuyaq” layihəsinə qoşulan 37 nəfər iştirakçıdan biridir. Bu layihənin özünü tapmasında, əlilliyi olan şəxslərin stimul qazanmasında və ən əsası qarşılaşdığı əngəllərin aradan qaldırılmasında təkan rolunu oynacağına əminliyi bildirən Səbuhi yaratdığı ilk bloqunda layihə ilə bağlı təəssüratlarını bölüşür.
Layihəyə qoşulmazdan öncə bloq haqqında heç bir məlumatı olmayan Səbuhi, 27-31 oktyabr tarixləri arasında keçirilən bloqçuluq təlimindən əldə etdiyi bilik və bacarıq sayəsində şəxsi bloqunu yaratmağa nail olmuş və yazacağı bloqların mövzusunu artıq özü üçün bəlli edə bilmişdir.
Layihə çərçivəsində keçiriləcək 4 təlim mövzusundan ilki olan bloqçuluq təlimində iştirak edən digər iştirakçı 26 yaşlı Orxan Adıgözəl, məhdudiyyətlərin içində olan şəxslər üçün bu layihənin hətta adının belə stimul verdiyini, fiziki məhdudiyyətlərə yox demək üçün bir çağırış olduğunu deyir. Təlimlərin iştirakçılar üçün müvafiq mövzular üzrə bilik və bacarıqlarını artırmaqla yanaşı, həmçinin, cəmiyyətə inteqrasiya olunmalarında, ünsiyyət çatışmazlığının aradan qaldırılmasında da xüsusi əhəmiyyətə malik olduğunu qeyd edir. Xarici təşkilatlar tərəfindən keçirilən bir çox təlimlərdə iştirak edən Orxan, ilk dəfədir ki yerli şirkət tərəfindən belə bir layihənin icrasının şahidi olduğunu deyir və digər yerli təşkilatları nümunə götürməyə, bu kimi layihələrin təşkilinə diqqət ayırmağa çağırır.
Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyinin sədri, əlillik məsələləri üzrə ekspert, təlimçi-motivator Aydın Xəlilov da layihə iştirakçıları arasındadı. O, bu layihənin əlilliyi olan insanlara yeni imkanlar yaratdığını, müasir dövrün tələbinə uyğun gələn peşə və ixtisaslara yiyələnə biləcəklərini deyir. iştirakçıların bir çoxu kimi, o da təlimdə iştirak etməmişdən öncə bloqçuluq haqqında yanlış məlumata malik olduğunu etiraf edir. “Sən demə bloqçuluq maraqlı sahədir!” adlı ilk yazısı ilə, Aydın Xəlilov da öz bloqunu yaradan 11 nəfər iştirakçıdan biri oldu.
Yuxarıda adları qeyd olunan iştirakçılarla yanaşı, bloqçuluq təlimində iştirak edən fiziki əlilliyi olan digər 8 nəfər iştirakçının hər biri də öz şəxsi bloqunu yaratmağa müvəffəq olmuşdur.
Təlim iştirakçıları Bank of Baku-nun fiziki əlilliyi olan şəxslər üçün yaratdığı bu fürsəti yüksək dəyərləndirir, onlarda özünəinamın artırılmasında, bacarıqlarının müəyyən olunmasında layihənin çox böyük fayda verdiyini xüsusilə vurğulayırlar.
Qeyd etmək lazımdır ki, Bank of Baku-nun bu layihənin icrasında əsas tərəfdaşlarından biri Hilton Baku otelidir ki, iştirakçıların maksimum dərəcədə rahatlığının təmin olunması ilə yanaşı, onlar üçün geniş təlim məkanını təqdim etməkdədir. Əsas tərəfdaşlar arasında hərəkət məhdudiyyəti olan iştirakçıların təlimdə iştirakının təmin olunmasında gündəlik olaraq nəqliyyat dəstəyi göstərən 189 – Taksi Sifarişi Xidməti də xüsusi yer alır. Həmçinin “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi, Shamans Creative Bureau, Prosper Digital Agency, Jamil Mirzoyev, Alex Levi Photo, BrandUp Digital Agency, “Viva” Şirniyyat evi layihəyə dəstək olan tərəfdaşlardandır.