Yatanlara 14 min dollar mükafat – Qeyri-adi müsabiqə keçiriləcək | Banco.az

Yatanlara 14 min dollar mükafat – Qeyri-adi müsabiqə keçiriləcək

Müəllif:Mehin Qasımova,Banco.az

Yaponiyada iştirakçıların yatmaq bacarığını nümayiş etdirəcəyi qeyri-adi müsabiqə keçiriləcək.

Banco.az xəbər verir ki, yarış zamanı iştirakçıların yuxusunun dərinliyi, nə qədər tez yuxuya getdikləri və yuxu vəziyyətlərinin nə qədər sabit olduğu xüsusi cihazlar vasitəsilə izləniləcək. Toplanan məlumatlar daha sonra təhlil ediləcək və ən yaxşı nəticə göstərən iştirakçı əsas qalib elan olunacaq.

Müsabiqənin baş mükafatı isə 2,22 milyon yen təşkil edir. Bu məbləğ hazırkı məzənnə ilə təxminən 14,3–14,4 min ABŞ dollarına bərabərdir.

Mükafatın məbləği də təsadüfi seçilməyib. 2,22 milyon yen rəqəmi yuxunu ifadə edən məşhur “Zzz” səsinə işarə edir. Beləliklə, təşkilatçılar yarışın əsas mövzusunu mükafatın məbləğində də əks etdiriblər.

Yarışda yalnız əsas qalib üçün deyil, müxtəlif kateqoriyalar üzrə də mükafatlar təqdim olunacaq. İştirakçılar ən dərin yuxuya getmək və istirahət zamanı ən qeyri-adi, yaxud “akrobatik” pozanı nümayiş etdirmək üzrə də mübarizə aparacaqlar.

Lakin müsabiqədə qalib gəlmək üçün sadəcə yatağa uzanıb yatmaq kifayət etməyəcək. Təşkilatçılar yarışın gedişində iştirakçıları müxtəlif sürprizlərlə qarşılaşdırmağı planlaşdırırlar.

Belə ki, hər “mərhələ” başlamazdan əvvəl iştirakçılar dartınma hərəkətləri edəcəklər. Bundan əlavə, onların istirahət şəraitinə və yuxu keyfiyyətinə təsir göstərə biləcək müxtəlif əşyalar təqdim olunacaq.

Yarış zamanı iştirakçılar üçün gözlənilməz “yuxu fasilələri”nin də təşkil ediləcəyi bildirilir. Bununla müsabiqənin həm əyləncəli, həm də daha çətin keçirilməsi nəzərdə tutulur.

Təşkilatçılar hələlik “yuxu fasilələri”nin konkret olaraq nədən ibarət olacağını açıqlamayıblar. Bu səbəbdən iştirakçıları yarış zamanı hansı sürprizlərin gözlədiyi hələlik sirr olaraq qalır.