Trampın təhdidlərinə baxmayaraq, "Bombardier" ABŞ-də işçi qəbul etməyə davam edir | Banco.az

Trampın təhdidlərinə baxmayaraq, "Bombardier" ABŞ-də işçi qəbul etməyə davam edir

Müəllif:Mehin Qasımova,Banco.az

Kanadalı təyyarə istehsalçısı "Bombardier" ABŞ Prezidenti Donald Trampın şirkətin təyyarələrinin ABŞ-da satışını qadağan etmək təhdidinə baxmayaraq, amerikalı işçiləri işə götürməyə davam edir.

Banco.az xəbər verir ki, şirkət ABŞ-da mövcud olan 500 vakansiya üzrə işə qəbul prosesini davam etdirir. Bu vəzifələrin bir hissəsi İndiana ştatının Fort Ueyn şəhərində noyabrın ortalarında fəaliyyətə başlaması planlaşdırılan yeni xidmət mərkəzi üçün nəzərdə tutulub.

"Bombardier"  ABŞ-da artıq geniş fəaliyyət göstərdiyini və ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə verdiyini bildirir. Şirkətin ABŞ-da təxminən 3 500 əməkdaşı çalışır və onun təchizat zəncirində 47 ştatdan 2 800 ABŞ şirkəti iştirak edir. "Bombardier" həmçinin hər il ABŞ-dakı təchizatçılara 2,5 milyard dollardan çox vəsait xərcləyir.

Şirkət ABŞ bazarında fəaliyyətini davam etdirmək niyyətində olduğunu və ölkədəki əməkdaşlarına, müştərilərinə və fəaliyyət göstərdiyi icmalara investisiyaları davam etdirəcəyini açıqlayıb.

Bombardier-in ABŞ bazarına çıxışının məhdudlaşdırılması şirkət üçün əhəmiyyətli risk yarada bilər. Şirkətin satışlarının təxminən yarısı ABŞ bazarının payına düşür. Bununla yanaşı, ABŞ-ın müxtəlif ştatlarında Bombardier-in fəaliyyəti minlərlə iş yeri və geniş təchizat zənciri ilə əlaqəlidir.

Tramp administrasiyasının Bombardier-ə qarşı hansı konkret tədbirləri tətbiq edəcəyi isə hələlik açıqlanmayıb.