Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir | Banco.az

Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir

Düyünlü zob və ya qalxanabənzər vəzin düyünlərini aradan qaldırmağın əsas cərrahi müalicə üsullarından biri tiroidektomiya – tiroid (qalxanabənzər) toxumasının çıxarılması  əməliyyatıdır. Tiroidektomiya əməliyyatı tiroid vəzinin tamamən və ya qismən xaric edilməsi üçün aparılan cərrahi əməliyyatdır. 2022-ci ildən 2024-cü ilin ilk 4 ayını əhatə edən dövr ərzində icbari tibbi sığorta hesabına bununla bağlı 3049 əməliyyat icra olunub.

Qalxanabənzər vəzi (tiroid) boynun ön-aşağı hissəsində qığırdağın altında traxeyanın önündə yerləşir. Kəpənək formasında olan  qalxanabənzər vəzi  hormon istehsal edən endokrin orqandır. Tiroid orqanizmdə maddələr mübadiləsini tənzimlənməsində önəmli rol oynayaraq bədəndə enerji istehsalını təmin edir və əzələlərin effektiv işləməsinə imkan yaradır.

Qalxanabənzər vəzin bədxassəli şişi, xəstənin sağlamlığı üçün təhlükə yarada bilən düyün və ya şişlər, qalxanabənzər vəzin sürətlə böyüməsi və konservativ müalicəyə tabe olmaması, həmçinin bəzi hallarda xəstəliyin xronikləşməsi zamanı konservativ müalicənin effektiv olmaması trioidektomiya üçün göstəriş hesab olunur.

İcbari tibbi sığorta ilə  qalxanabənzər vəzin və qalxanabənzər ətraf vəzilərin (paratiroid) tam və ya bir hissəsinin çıxarılması, qalxanabənzər vəzin bir payının xaric edilməsi (lobektomiya), qalxanabənzər vəzi birləşdirən toxuma zolağının (istmusun) çıxarılması əməliyyatları ödənişsiz həyata keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

Qalxanabənzər vəzin funksional pozğunluqlarını fiziki müayinə, USM və rəngli doppler müayinəsi, tiroid stimulyasiyaedici hormon (TSH), triiodotironin (T3), tiroksin (T4), tiroid hormon birləşdirmə nisbəti (THBR), larinqoskopiya metodu ilə səs tellərinin müayinəsi və qalxanabənzər vəzinin açıq biopsiyası  əsasında aşkar etmək mümkündür. Sadalanan instrumental və laborator müayinələr icbari tibbi sığorta hesabına aparılır.

Tiroidektomiya ilə bağlı laboratoriya xidmətləri, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, yatış müddətində təyin edilmiş laborator və instrumental müayinər, manipulyasiyalar, histopatoloji, sitopatoloji müayinələr, qan və ya qan komponentləri icbari tibb sığorta ilə qarşılanır.

Troidektomiya əməliyyatı icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və  Milli Hematologiya və Transfuziologiya Mərkəzində  həkim göstərişi  əsasında icra olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et