Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiyada iri banklara kriptovalyuta lisenziyası verilib.
Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı aralarında “Sber” və “VTB”nin də olduğu bəzi bank və şirkətlərə kriptovalyuta bazarında fəaliyyət göstərmək üçün zəruri lisenziyalar verib.
Rusiya Mərkəzi Bankının açıqlamasında “Sber” və “VTB”nin “rəqəmsal saxlama təşkilatları” reyestrinə daxil edildiyi bildirilib.
Açıqlamada “VTB”nin rəqəmsal valyutaların alqı-satqısı ilə məşğul olan təşkilatların reyestrinə də daxil edildiyi qeyd olunub. Bankın geniş investor kütləsinə kriptovalyuta əməliyyatlarına çıxış imkanı yaratmağı ilin sonunadək planlaşdırdığı bildirilib.
Rusiya Mərkəzi Bankı rəqəmsal saxlama təşkilatlarının rəqəmsal valyutaların və rəqəmsal hüquqların qeydiyyatı və köçürülməsi ilə bağlı xidmətlər göstərə, həmçinin müştərilərə bu aktivlərin saxlanıldığı ünvanlara çıxış imkanı yarada biləcəyini açıqlayıb.
Açıqlamada “Sber” və “VTB” ilə yanaşı bir sıra digər bank və şirkətlərin də reyestrə daxil edildiyi bildirilib. Kriptovalyuta alqı-satqısı ilə məşğul olan təşkilatların isə mütəşəkkil bazarlardan kənarda öz adından və öz hesabına rəqəmsal valyutaların alqı-satqısını həyata keçirə biləcəyi qeyd olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!
