Qubad Qubadov: "Şərtlərimiz hazırda digər BOKT-larla müqayisədə daha əlverişlidir" | Banco.az

Qubad Qubadov: "Şərtlərimiz hazırda digər BOKT-larla müqayisədə daha əlverişlidir"

İnsanlar müxtəlif ehtiyaclarından dolayı fərqli kreditlər əldə etməyə çalışırlar. Bu zaman isə müəyyən kredit təşkilatlarına üz tuturlar. Bunlardan biri də BOKT-lardır. BOKT-lar Mərkəzi Bankdan aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər verə bilər. BOKT tərəfindən verilən kreditlər daşınan və daşınmaz əmlakın girovu, girov əmanəti, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər. Bəs görəsən Azərbaycanda əhalinin BOKT-lara maraq dərəcəsi necədir? 

Banco.az mövcud məsələylə bağlı Azərbaycanda fəaliyyət göstərən 45 BOKT arasında inkişaf prespektivləri ilə seçilən "İdeal Kredit" təşkilatının rəhbəri Qubad Qubadovla olan müsahibəni təqdim edir.

Azərbaycanda BOKT-lara maraq nə dərəcədədir? 

Ümumiyyətlə fikirləşirik ki, istənilən bir şirkət müxtəlif vasitələrlə müştərilərdə özünə qarşı maraq yaratmalıdır. Yəni özünə qarşı marağı artırmaq üçün müəyyən səylər göstərməli, reklamlar və s. həyata keçirməlidir. Biz də "İdeal Kredit” olaraq özümüzə qarşı marağın olduğunu hiss edirik və bunu daha da artırmaq üçün müəyyən səylər göstəririk. Düşünürəm ki, son zaman ümumiyyətlə BOKT-lərə maraq artmaqdadır və bu da BOKT-lərin göstərdiyi səylərin nəticəsidir.  

Təmsil etdiyiniz şirkət haqqında qısa məlumat verərdiz.

Bank Olmayan Kredit Təşkilatı "İdeal Kredit” adı ilə 2014-cü ilin noyabr ayından  fəaliyyətə başlamışıq. Fəaliyyətə başladığımız dövürdən iqtisadiyyatın real sektorunun xüsusilə də pərakəndə biznesin, kiçik və orta sahibkarlığın dəstəklənməsini və həmçinin davamlı olaraq bu istiqamətdə müştəri xidmətləri keyfiyyətinin yüksəldilməsini öz qarşımıza məqsəd qoymuşuq. Fəaliyyətə başladığımızdan çox qısa müddət sonra baş vermiş  devalivasiyaların yaratdığı çətinliklərə rəğmən, zamanında və doğru qəbul edilmiş qərarlar sayəsində fəaliyyətimizi inkişafa doğru normal şəkildə davam etdirməyə nail ola bildik. Bununla yanaşı yeniliklərə də imza atmışıq. Qeyd etmək istəyirəm ki, 2015-ci ilin oktyabr ayında Azərbaycanda BOKT sektorunda ilk dəfə olaraq kreditlərin kart vasitəsi ilə verilməsini gerçəkləşdirdik. Belə ki, "İdeal Kredit”, Milli kart və Azərpoçtun birgə əməkdaşlığı nəticəsində müştərilərimiz onlara ayrılmış kreditlərini kart vasitəsilə ala bilirlər. 

Kredit götürmək dedikdə ağıla ilk banklar gəlir. Bu proses BOKT-ların fəaliyyətinə necə təsir edir?

BOKT-ların yaranma səbəbi kreditlərin əlçatanlığını daha da sadələşdirmək məqsədi daşıyır. BOKT-lardan kredit əldə etmək banklarla müqayisədə daha sürətli və asan başa gəlir. Xüsusilə də xırda məbləğli kreditlərin verilməsində banklar maraqlı deyillər, bu səbəbdən də BOKT-lar bu sahədə daha çox fəallıq göstərirlər. Həmçinin də BOKT-lar banklardan fərqli olaraq daha ucqar ərazilərdə kreditləşmə həyata keçirirlər. Bundan əlavə hazırda BOKT-larla Bankların kredit verməsində, xüsusilə də kredit şərtlərində elə də ciddi fərqlər yoxdur. Deyərdim ki əsas fərq kredit məbləğindədir, yəni bankların pul ehtiyyatları çox olduğundan məbləğ baxımından BOKT-lardan daha böyük həcmdə kreditlər verə bilirlər. Lakin bunlara baxmayaraq hələ də müştərilərin banklara axını daha çoxdur.

Sizin şirkət bu istiqamətdə hansı tədbirlər həyata keçirir?

“İdeal Kredit” olaraq biz bu istiqamətdə bir çox tədbirlər həyata keçiririk. Öz məhsullarımızı sosial şəbəkələrdə nümayiş etdirməklə geniş müştəri kütləsi cəlb edə bilirik. Bundan əlavə xidmətlərimizdən istifadə edib məmnun qalmış müştərilərimiz özləri ilə yeni müştəri kütləsi gətirirlər. Həmçinin biz sahibkarlarla, xüsusilə də yerli istehsalçılarla əməkdaşlıqlar qururuq və onların istehsal etdikləri məhsulların kreditlə satışlarını dəstəkləyirik. 

  

Təklif etdiyiniz xidmətlər digər BOKT-larla müqayisədə hansı üstünlüyə malikdir? 

Ümumiyyətlə bizi maliyyə sahəsində fəaliyyət göstərdiyimiz üçün daimi olaraq bu sahədə baş verən prosesləri, o cümlədən yenilikləri davamlı olaraq izləyirik. Bu baxımdan müəyyən məlumatlardan xəbərdarıq. Digər BOKT-larla müqayisədə “İdeal Kredit”-in müştərilərə təklif etdiyi məhsulların çeşidi nisbətən daha genişdir. Eyni zamanda şərtlərimiz də hazırda digər BOKT-larla müqayisədə daha əlverişlidir. Həmçinin düşünürük ki, daha çevik kreditləşmə həyata keçirə bilirik. Bundan əlavə də təşkilat olaraq digər BOKT-larla müqayisədə nəğd vəsaitlə bağlı likvidliyimiz nisbətən daha yüksəkdir. 

Müştərilər kreditləri onlayn şəkildə əldə edə bilirlərmi? 

Bildiymiz kimi, hazırkı zamanda vaxt itkisi günün ən aktual məsələlərindən biridir. Biz də bu baxımdan kredit müraciəti edən insanları anlayışla qarşılayırıq. Bunun nəticəsidir ki, hazırda “İdeal Kredit”-də də onlayn kredit müraciəti xidməti fəaliyyət göstərməkdədir. Müştərilərimiz istədikləri kredit məhsulu üzrə bizə həm rəsmi internet səhifəmizə daxil olaraq, həm də rəsmi Facebook və İnstaqram səhifələrimiz üzərindən onlayn müraciət edə bilirlər. Mütəxəssislərimiz həmin kreditin araşdırmasını aparmaqla onlara kredit düşüb düşmədiyi barədə konkret məlumat verirlər. Bununla da müştərilərin vaxt itkisinin qarşısını almış olurlar. Lakin müştəri tərəfindən onlayn şəkildə kreditin əldə edilməsi hələlik mümkün deyil, çünki müştəri özü şəxsən ofisimizə yaxınlaşıb kredit müqavilələrini imzalamalıdır. Bunu hələlik bizim elektron imza vasitəsilə həyata keçirməyimiz mümkün deyil, amma gələcəkdə bu istiqamətdə də işlər aparılacağını düşünürük.  

Ən sərfəli kredit üçün müraciət et

“İdeal Kredit” bu ilin martından ASAN FİNANS sisteminə qoşulub. Bunun nə kimi təsirləri oldu?

Bəli tamamilə doğru qeyd edirsiniz, “İdeal Kredit” müştərilərinə yüksək keyfiyyətli və operativ xidmət göstərmək məqsədilə bu ilin mart ayından etibarən ASAN FİNANS sisteminə qoşulmuşdur. ASAN FİNANS sisteminə qoşulmaqla bayaq qeyd etdiyim kimi günü ən aktual məsələlərindən olan vaxt itkisinin qarşısı alınmışdır. Belə ki, kredit müraciəti edən müştərilər barədə qısa zaman ərzində bir çox məlumatları əldə etməklə çevik şəkildə qərarlar vermək mümkün olmuşdur. Bu da kreditləşmənin həyata keçirilməsində vacib amillərdən sayılır. Müştəriləri əlavə sənəd toplama yükündən qurtarmış olur. Məlumat üçün bildirək ki, bu sistemə qoşulduğumuz yeddi ay ərzində 3000 mindən artıq sorğu həyata keçirmişik. Bundan əlavə “Daşınan əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi və daşınar əmlak yüklülüyünün dövlət reyestrinin fəaliyyətə başlaması da Kredit təşkilatlarının daha geniş müştəri təbəqələrini maliyyələşdirmələrinə əlverişli şərait yaratmışdır. Deyə bilərəm ki, layihə fəaliyyətə başladığından qısa müddət keçməsinə baxmayaraq bu günədək 1500-dən çox müştəriyə daşınar əmlak girovu ilə kreditlər ayırmışıq. Əvvəl qeyd etdiyimiz kimi bu proseslərin özü də “İdeal Kredit”ə əlavə üstünlüklər qazandırır və kreditləşmənin çevik və sürətli şəkildə həyata keçirilməsinin təmin olunmasında bizə müstəsna imkanlar yaradır.  

Şirkət tərəfindən hər hansısa endrim aksiyaları həyata keçirilirmi? 

Bəli endrim aksiyaları həyata keçirilir. Əsasən də əməkdaşlıq etdiyimiz pərakəndə satış ilə məşğul olan partnyorlarımızla birlikdə həyata keçirilir. 

“İdeal Kredit” olaraq kreditləriniz nə dərəcədə idealdır?

Bizim kreditlərin nə dərəcədə ideal olduğunu artıq bizim müştərilərimiz və tərəfdaşlarımız 2018-ci ilin yekunları üzrə Banco.az saytının keçirdiyi “İlin ən yaxşıları” nominasiyasında “İdeal Kredit”ə səs verib qalib etməklə göstərdilər.  

Fürsətdən istifadə edərək, belə bir layihəni həyata keçirdiyi üçün Banco.az saytına və bizə səs verib qalib etdikləri üçün müştərilərimizə və tərəfdaşlarımıza öz təşəkkürümüzü bildiririk. 

“İdeal Kredit”lə əməkdaşlıq edən iş adamları hansı üstünlükləri əldə edirlər? 

Hazırda iş adamlarını narahat edən əsas məsələlərdən biri də vaxt itkisidir. Biz də “İdeal Kredit” olaraq iş adamlarına verə bildiyimiz üstün cəhətlərdən biri kreditləşmə zamanı həmin vaxt itkisinin minimallaşdırılmasıdır. Yəni, insanlara maksimum dərəcədə sürətli, çevik heç bir vaxt itkisi olmadan qısa müddət ərzində xidmət göstərə bilirik. 

Daha çox hansı kreditlərin götürülməsi ilə bağlı müraciətlər olunur? 

Bütün kredit məhsullarımızla bağlı müraciətlər olur, lakin nağd pul kreditləri ilə bağlı müraciətlər daha çoxdur. 

Korporativ müştərilərinizə hər hansısa tarifləri tətbiq edirsinizmi? 

Biz güzəştli tarifləri daha çox əməkdaşlıq etdiyimiz sahibkarlarla, yerli istehsalçılarla həyata keçirdiyimiz əməkdaşlıq çərçivəsində tətbiq edirik. Xüsusilə də onların istehsal etdiyi məhsulların kreditlə satışının həyata keçirilməsində biz onlara böyük güzəştlər tətbiq etməklə satışlarının həcminin artırılmasına çox böyük dəstək oluruq. Məsələn, hazırda əməkdaşlıq etdiyimiz yerli istehsalçılar var ki, öz bizneslərini qurmaq üçün banklardan kredit götürürlər, lakin banklar xırda kreditlər verməkdə o qədər də maraqlı olmadığından həmin istehsalçılar istehsal etdikləri məhsulların kreditlə pərakəndə satışlarını həyata keçirmək üçün bizə müraciət edirlər. Biz də həmin istehsalçıların məhsullarının kreditlə satışını həyata keçiririk. Xüsusilə də kampayalar təşkil etdikləri zaman onlara daha çox güzəştlər tətbiq edirik. Bununla da həm yerli istehsalçıların inkişafını təmin etmiş oluruq, həm də iqtisadiyyatın real sektorunun artımına və çoxlu sayda iş yerlərinin yaradılmasına “İdeal Kredit” olaraq öz töhfəmizi vermiş oluruq. 

Növbəti ildə hansı layihələrin və ya yeniliklərin həyata keçirilməsi gözlənilir? 

Planlarımız çoxdur, layihələrimiz genişdir, biz bunları həyata keçirdikcə yəqinki bu barədə sizlərə açıqlamalar verəcəyik. Əvvəlcədən danışmaq istəməzdik, çünki bu həm də biznes sirridir. 

Aida İSAQ, Banco.az