İnvestisiyaya yeni başlayanlar üçün əsas yatırım alətləri | Banco.az

İnvestisiyaya yeni başlayanlar üçün əsas yatırım alətləri

Müəllif: Gülnar Əhmədli, Banco.az

İnvestisiya etmək, xüsusilə maliyyə terminləri və bazardakı dalğalanmalar haqqında kifayət qədər məlumatı olmayanlar üçün mürəkkəb görünə bilər. Lakin düzgün məlumat və araşdırma ilə investisiya uzunmüddətli maliyyə məqsədlərinə çatmaq və sərvət toplamaq üçün effektiv vasitəyə çevrilə bilər.

Valyuta, qızıl, investisiya fondları və səhmlər əsas investisiya alətləri hesab olunur. Hər birinin özünəməxsus üstünlükləri və riskləri var. Buna görə də investisiya qərarı verməzdən əvvəl bazarı araşdırmaq və şəxsi risk imkanlarını nəzərə almaq vacibdir.

Valyutaya investisiya

Valyuta bazarı (Forex) dünyanın ən böyük maliyyə bazarıdır. Burada valyutaların alqı-satqısı həyata keçirilir və qiymətlər qlobal hadisələrdən, iqtisadi vəziyyətdən və bazar iştirakçılarının gözləntilərindən təsirlənir. Bu bazarda qazanc əldə etmək üçün iqtisadi prosesləri anlamaq və mümkün itkiləri nəzərə almaq lazımdır.

Qızıla investisiya

Qızıl tarixən iqtisadi qeyri-müəyyənlik dövrlərində qoruyucu investisiya vasitəsi kimi qəbul edilib. İnflyasiya və milli valyutanın dəyər itirməsi zamanı investorlar qızıla üstünlük verə bilərlər. Qızıl külçə və sikkələrlə yanaşı, qızıl fondları vasitəsilə də investisiya etmək mümkündür. Seçim investorun məqsədlərindən və risk yanaşmasından asılıdır.

İnvestisiya fondları

İnvestisiya fondları bir neçə investorun vəsaitini birləşdirərək müxtəlif aktivlərə yönəldən və peşəkar mütəxəssislər tərəfindən idarə olunan maliyyə alətləridir. Bu fondlar səhmlərə, istiqrazlara, valyutaya və digər aktivlərə investisiya edə bilər. Pul bazarı, borclanma alətləri, səhm, qiymətli metallar, qarışıq və iştirak fondları bu kateqoriyaya daxildir.

Səhmlərə investisiya

Səhmlər investorların şirkətlərdə pay sahibi olmasına imkan verir. Onlardan gəlir şirkətin səhmlərinin qiymətinin artması və dividend ödənişləri hesabına əldə edilə bilər. Lakin düzgün seçim etmək üçün şirkətin maliyyə vəziyyətini, fəaliyyət göstərdiyi sektoru və iqtisadi göstəriciləri araşdırmaq vacibdir. Səhm bazarında risklərin idarə edilməsi və investisiya portfelinin mütəmadi qiymətləndirilməsi də əhəmiyyətlidir.

İnvestisiya strategiyasını necə qurmalı?

İnvestisiya strategiyası şəxsin maliyyə vəziyyətinə, məqsədlərinə və riskə münasibətinə uyğun hazırlanmalıdır. Vəsaitin müxtəlif aktivlər arasında bölüşdürülməsi risklərin azaldılmasına kömək edə bilər. Uğurlu investisiya isə səbir, davamlı araşdırma və bazardakı dəyişikliklərə uyğun qərarlar tələb edən uzunmüddətli prosesdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram