Müəllif:Mehin Qasımova,Banco.az
Avropa İttifaqı (Aİ) Çinlə ticarət gərginliyini azaltmaq və Avropanın avtomobil sənayesini qorumaq məqsədilə hibrid avtomobillərin idxalına illik kvota tətbiq etməyə hazırlaşır.
Banco.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, yeni tədbirin 1 dekabr 2026-cı ildən qüvvəyə minməsi gözlənilir.
İlk il üçün 350 min avtomobillə məhdudlaşdırılacaq kvota ikinci ildən etibarən hər il 6% artırılacaq. Tənzimləmənin dörd il müddətində qüvvədə qalması nəzərdə tutulur.
Ümumdünya Ticarət Təşkilatının ayrı-seçkiliyə yol verməmək prinsipinə uyğun olaraq, məhdudiyyət yalnız Çindən idxal edilən avtomobillərə deyil, Aİ-yə gətirilən bütün hibrid nəqliyyat vasitələrinə şamil olunacaq. Bununla belə, bəzi ölkələr üçün istisnalar nəzərdə tutulur.
Aİ-nin ticarət üzrə komissarı Maroş Şefçoviç ötən həftə Pekində Çinin ticarət naziri Vanq Ventao ilə görüşüb. Danışıqlarda gündəlik 1 milyard avronu aşan Aİ–Çin ticarət kəsirinin azaldılması və Avropa sənayesinin qorunması məsələləri müzakirə olunub.
Razılaşma çərçivəsində Çinin bəzi avtomobil hissələrinə tətbiq olunan tarifləri ləğv etməsi, ayaqqabı, dondurma və zeytun yağı kimi məhsullara tarifləri isə yarıya endirməsi planlaşdırılır. Təxminən 4 milyard avro dəyərində ixracı əhatə edəcək bu tədbirlərin müvəqqəti xarakter daşıyacağı bildirilir.
Tərəflər, həmçinin ixrac nəzarəti və lisenziyalaşdırma prosedurlarının sadələşdirilməsini, xüsusilə nadir torpaq elementləri və daimi maqnitlərin tədarükü ilə bağlı məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, Aİ 2024-cü ildə Çində istehsal olunan elektrik avtomobillərinə əlavə tariflər tətbiq etdikdən sonra Çin istehsalçılarının Avropada hibrid avtomobil satışları artıb. Məlumata görə, 2026-cı ilin avqustunda Çində istehsal olunan avtomobillər Avropadakı hibrid avtomobil satışlarının təxminən dörddə birini təşkil edib.
