Müəllif:Ayşən İmanova/Banco.az
Böyük Britaniyanın varlı sakinləri vergi siyasətinin gözlənilən sərtləşdirilməsi səbəbindən ölkəni aktiv şəkildə tərk etməyə başlayıblar.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” 30-dan çox sərvət idarəçiliyi üzrə məsləhətçi və varlı şəxslərlə söhbətlərə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, maliyyə elitasının bəzi üzvləri artıq köçmək planlarını həyata keçirib, digərləri isə çıxış strategiyasını hazırlamaq mərhələsindədir.
Qeyd olunub ki, Londonu tərk etməyi düşünənlər arasında hedc fondunun yaradıcısı milyarder Alan Hovard da var. İyun ayında təqdim edilən sənədlərə görə, Britaniyanın özəl kapital sektorunun qabaqcıllarından biri olan Ceremi Koller artıq İsveçrəyə köçüb.
Bildirilir ki, kütləvi köçün səbəbi Leyboristlər Partiyasının ofşor sərvətlərinə 40% miras vergisi tətbiq etmək və daşınan faizlərə görə vergini 45%-ə çatdırmaq planları olub.
Özəl kapital firması “General Atlantic” xəbərdarlıq edib ki, bu dəyişikliklər nəticəsində bəzi işçilər London ofisini tərk edə bilər.
“Henley & Partners”ə görə, Böyük Britaniya bu il 9500 milyonçu itirə bilər ki, bu da Çin istisna olmaqla, bütün digər ölkələrdən çoxdur. Qeyd olunur ki, bu, 2023-cü ildə ölkəni tərk edənlərin sayından iki dəfə çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!