Tamara Mustafayeva, Banco.az
Hələ lap uşaqlıq illərində müəllim və valideynlərimizin oxumağı tövsiyə etdiyi klassik əsərlər illər ötdükcə yenidən oxumağı istəyəcəyimiz, hər dövrə uyğun gələn özünəməxsus, universal sənət əsərləridir.
Bəs nə üçün bu əsərlər demək olar ki, hər kəs tərəfindən sevilir və biz onları yenidən oxumaq istəyirik?
Bunu İtaliyalı yazıçı və roman ustası Italo Calvino-nun sözlərinə istinad etməklə 3 başlıqda analiz edə bilərik.
1) Klassik əsərlər zəngindir, zənginləşdirir
"Klassiklər bizə bizdən əvvəlki mütaliə sənətinin incəliklərini ötürərən və dövrün mədəniyyət izlərini özləri ilə daşıyan kitablardır" - Italo Calvino
Klassik əsərlərin özünəməxsus ifadə tərzi hansı dövrdə oxunulmasından asılı olmadan oxucunun lüğət tərkibinə təsir göstərir.
Nəql edilən hadisələr, nümunələr, edilən müqayisələr, təsnifləşdirmələr isə gənc yaşlarda oxuduğumuz zaman çox da fərqinə vara bilməsək də, mədəni xəzinəmizi və hadisələri dəyərləndirmə tərzimizi zənginləşdirir. Yaddaşımızda formalaşan bu zənginlik həmin klassik əsərləri yenidən oxuduğumuz anda canlanacaq və yeni kəşf etdiklərimizlə birlikdə daha da qiymətli və əvəzsiz olacaq.
2) Klassik əsərlər özünəməxsusdur, inkişaf etdirir
"Klassiklər qulaqdan qulağa keçən fikirlərə əsaslanaraq, əslində, bildiyimizi düşünsək də, oxuduğumuz zaman nə dərəcədə özünəməxsus, gözlənilməz və yeniliklərlə dolu olduğunu kəşf etdiyimiz kitablardır." - Italo Calvino
Klassik əsərlərin hər biri bənzərsizdir və özlərinə məxsus nəql etmə tərzi, hekayələri vardır. Həm əsər daxilində, həm də bir-birləri ilə müqayisədə özünəməxsusdurlar. Hər biri bizə əvəzsiz zövq verir. Maraqlı məqam ordadır ki, bu əsərləri oxuyan hər kəs özünə xas fərqli məna çıxara bilər, hətta oxucunun yaşına, oxuduğu zamankı psixoloji vəziyyətinə görə də dəyişə bilər. Gənc yaşlarda tamamilə anlaya bilmədiyimiz, gizli mənalarını görməkdə çətinlik çəkdiyimiz bu əsərlərin dərinliyi zamanın sınağından uğurla keçib illər sonra mövcud dəyərinə dəyər qatır.
3) Klassik əsərlər müəyyən bir zamana aid deyil, düşünmə tərzini dərinləşdirir
"Klassikləri oxumaqdan ən çox fayda əldə edəcək şəxs paralel olaraq müasir əsərləri oxuyan insanlardır." - Italo Calvino
Klassik əsərlərin əsas üstün cəhətlərindən biri də bütün dövlərdə mahiyyətini qoruyub saxlaya bilməsidir. Bütün bəşəriyyətə təsir göstərən dəyərlər ön plana çıxarılır, həyatın içindən əsl duyğu və düşüncələrə yer verilir. Qələmə alındıqları zamandan keçib bu günlərə gəlib çatan bu sənət əsərləri öz dövrlərinin izlərini daşıyarkən bu günün problemlərinə də işıq tutmağa qadirdirlər. Bununla yanaşı, keçmiş dövrlə bu gün arasındakı əlaqəni anlaya bilmək üçün isə klassiklərlə paralel müasir əsərləri də oxumaq faydalı olacaq.
Klassik əsərləri oxuyun, anlayın, yenidən oxuyun, şəxsi kitabxananızı yaradın.
"Mənim fikrimcə, belə kitabxananı təşkil edən kitabların yarısı daha əvvəl oxuduğumuz və çox dəyərli hesab etdiyimiz kitablardan, yarısı da oxumağı planlaşdırdığımız və bizim üçün dəyərli olacağına inandığımız kitablardan seçilməlidir. Təbii ki, istisnalar hər zaman olacaq." - Italo Calvino
Həmçinin oxu: Klassik musiqiyə qulaq asmağın BİLMƏDİYİNİZ 5 faydası
Bizi sosial şəbəkələrdən izləyin!!