Dünya bazarında neftin son qiyməti | Banco.az

Dünya bazarında neftin son qiyməti

Neftin qiyməti əvvəlki gün bahalaşmadan sonra cümə günü aşağı düşüb.

Banco.az xəbər verir ki, buna baxmayaraq, Brent markalı neftin qiyməti bir barel üçün 100 dollardan yuxarı səviyyədə qalmaqda davam edir.

Bazar iştirakçıları Yaxın Şərqdə gərginliyin artmasını diqqətlə izləyirlər. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ qüvvələri İrana qarşı ardıcıl 13-cü gecə zərbələr endirib. Açıqlamada qeyd olunub ki, ABŞ ordusu Hörmüz boğazından keçən ticarət gəmilərinə dəstək göstərməyə davam edir.

Bununla belə, gəmi izləmə şirkəti Kpler-in məlumatına görə, cümə axşamı Hörmüz boğazından yalnız bir tanker keçib. Bu vəziyyət enerji bazarında təchizat riskləri ilə bağlı narahatlıqları artırıb.

Londonun ICE Futures birjasında sentyabr ayı üçün Brent neftinin fyuçersləri Bakı vaxtı ilə səhər saatlarında əvvəlki bağlanışla müqayisədə 0,43 dollar (0,43%) azalaraq 100,26 dollara düşüb. Cümə axşamı isə Brent nefti 6,62 dollar (7%) bahalaşaraq 100,69 dollara yüksəlib və mayın 22-dən bəri ən yüksək səviyyəyə çatıb.

Nyu-York Ticarət Birjasında (NYMEX) sentyabr ayı üçün WTI markalı neftin fyuçersləri isə 0,53 dollar (0,57%) ucuzlaşaraq 91,66 dollar olub. Ötən sessiyada WTI nefti 6,2% artaraq 92,19 dollara yüksəlib və iyunun 4-dən bəri ən yüksək göstəricini qeydə alıb.

Həftə ərzində Brent markalı neft 14%-dən çox, WTI isə təxminən 13% bahalaşıb. Bazar iştirakçıları qiymətlərin gələcək istiqamətini əsasən Yaxın Şərqdəki vəziyyət və Hörmüz boğazındakı nəqliyyat axınının bərpası ilə əlaqələndirirlər.