Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin gübrə istehsalına 500 milyon dollar sərmayə qoymağa hazırlaşır.
Banco.az xəbər verir ki, İranda baş verən müharibə ilə paralel olaraq neft və təbii qaz qiymətlərindəki artım gübrə bazarına mənfi təsir göstərməyə davam edir.
Qiymətlərin yüksəlməsi və təchizat zəncirində yaranan qırılmalar nəticəsində Çin kimi ölkələr xammal təminatını şaxələndirmək məqsədilə yeni investisiyalara sürət verir.
Son olaraq, Çinin iki şirkəti Zimbabvedə kömürü gübrəyə çevirəcək iri miqyaslı sənaye layihəsinə başlamaq üçün təşəbbüs göstərib. Zimbabve Sənaye və Ticarət Nazirliyinin açıqlamasına görə, “Sunny Yi Feng Group” və “Chengdu Wintrue Holding” ölkədə 500 milyon ABŞ dolları dəyərində kömürdən gübrə istehsalı zavodu və 210 meqavat gücündə elektrik stansiyası qurmağı planlaşdırır.
“Bloomberg”in məlumatına görə, layihə çərçivəsində yaradılacaq gübrə zavodunun ilkin mərhələdə illik 400 min ton karbamid istehsal etməsi nəzərdə tutulur. Bildirilir ki, fosfat təchizatından asılı olaraq zavodun istehsal gücü 600 min tona qədər artırıla bilər.
Açıqlamaya əsasən, layihə üçün tələb olunan torpaq sahəsi və kömür hasilatı hüquqları artıq təmin edilib. Gübrə zavodunun tikintisinə isə bu ay başlanması planlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!
