Müəllif:Mehin Qasımova,Banco.az
2026-cı ildə qlobal təbii qaz tələbatının 2022-ci ildən bəri ilk dəfə azalacağı gözlənilir.
Banco.az xəbər verir ki, Beynəlxalq Qaz İttifaqının (IGU) hesabatına görə, Yaxın Şərqdəki böhran qlobal qaz bazarında tələbatın azalmasına səbəb ola bilər. Hesabatda 2026-cı ildə dünya üzrə təbii qaz tələbatının təxminən 7 milyard kubmetr azalacağı proqnozlaşdırılır.
Ən böyük azalma Yaxın Şərqdə gözlənilir. Belə ki, regionda qaz tələbatının 17 milyard kubmetr və ya 2,7 faiz azalacağı bildirilir.
Avropada tələbatın 4 milyard kubmetr (0,8 faiz), Asiyada isə 2 milyard kubmetr (0,2 faiz) azalacağı proqnozlaşdırılır.
Bununla yanaşı, Şimali Amerikada təbii qaza tələbatın 10 milyard kubmetr və ya 0,9 faiz, Cənubi Amerikada isə 8 milyard kubmetr və ya 4,7 faiz artacağı gözlənilir.
Hesabatda qeyd olunur ki, ABŞ və digər regionlarda hasilatın davamlı artması Yaxın Şərqdəki azalmanın böyük hissəsini kompensasiya edə bilər.
Beləliklə, Yaxın Şərqdəki böhran qlobal qaz bazarında tələb dinamikasına təsir göstərərək 2026-cı ildə ümumi tələbatın azalmasına gətirib çıxara bilər.
