Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Federal Ticarət Komissiyası (FTC) və 22 ştat "Amazon" şirkətini təxminən 1,2 milyon reklamverəndən 20 milyard dollardan çox gizli ödəniş aldığı iddiası ilə məhkəməyə verib.
Vaşinqton ştatındakı federal məhkəməyə təqdim edilən iddia ərizəsində Amazon-un elektron ticarət platformasında keçirilən reklam hərraclarında təxminən 1,2 milyon reklamverəndən sistematik şəkildə artıq ödəniş aldığı iddia olunur.
Ərizədə bildirilir ki, "Amazon" 2018-ci ildə reklam hərraclarında istifadə etdiyi strategiyanı dəyişib. İddiaya görə, şirkətin “ehtiyat qiymət” alqoritmləri hərrac nəticələrinə gizli əlavə ödənişlər daxil edib və bununla da reklam qiymətlərini süni şəkildə artırıb.
İddia ərizəsində həmçinin qeyd olunur ki, "Amazon" reklamverənlərin bu təcrübədən xəbər tutmasının qarşısını almaq üçün sistemi qəsdən gizlədib.
FTC və 22 ştatın iddiasına görə, şirkət sözügedən gizli əlavə ödənişlər hesabına 20 milyard dollardan çox gəlir əldə edib.
İddialar hələ məhkəmə tərəfindən təsdiqlənməyib. Məhkəmə prosesində Amazon-un bu ittihamlara münasibəti və şirkətin sözügedən təcrübə ilə bağlı mövqeyi də araşdırılacaq.
