Almaniyada investorların gözləntiləri 2022-ci ildən bəri ən aşağı səviyyədədir | Banco.az

Almaniyada investorların gözləntiləri 2022-ci ildən bəri ən aşağı səviyyədədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada investorların gözləntiləri 2022-ci ildən bəri ən aşağı səviyyədədir.

Banco.az xəbər verir ki, Almaniyada “ZEW İnstitutu”nun proqnozlar indeksi aprel ayında -17,2 səviyyəsinə enib. Mart ayında bu göstərici -0,5 olmuşdu. “Bloomberg”in keçirdiyi sorğuda iştirak edən iqtisadçıların median proqnozu isə indeksin -5,8 səviyyəsində olacağını göstərirdi.

Mövcud iqtisadi şəraiti əks etdirən göstərici də gözləntilərdən daha çox azalaraq -73,7 bəndə düşüb. Analitiklərin proqnozu -70,5 bənd idi. Əvvəlki ay bu indeks -62,9 səviyyəsində qeydə alınmışdı.

“ZEW İnstitutu”nun prezidenti Axim Vambax bildirib ki, İran müharibəsinin Almaniya iqtisadiyyatına təsirləri yalnız qiymət artımı ilə məhdudlaşmır: “Şirkətlər uzunmüddətli enerji təchizatı çatışmazlığından narahatdır və bu vəziyyət investisiyaları zəiflədir, eyni zamanda hökumətin stimullaşdırıcı tədbirlərinin təsirini azaldır.”

Almaniyada, qitənin digər ölkələrində olduğu kimi, Yaxın Şərqdəki münaqişələrin yaratdığı enerji qiymətlərindəki artım səbəbilə inflyasiyada kəskin yüksəliş müşahidə olunub və bazar gözləntiləri pisləşib. İqtisadiyyatda yaranan zərərin qiymətləndirilməsi məqsədilə Avropa Mərkəzi Bankının 30 aprel tarixində keçiriləcək iclasında faiz dərəcələrinin dəyişdirilmədən saxlanılacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram