Moody's beynəlxalq reytinq agentliyi Azərbaycanda devalvasiyadan sonra yaranmış iqtisadi çətinliyin fonunda Bank of Baku-nun maliyyə potensialının qarşılaşa biləcəyi itkiləri minumum səviyyədə saxlamaq iqtidarında olduğunu təsbit edib.
Agentliyin dərc etdiyi son nəşrdə neftin dəyərinin beynəlxalq bazarda kəskin ucuzlaşması nəticəsində neft ixrac edən ölkələrin iqtisadiyyatında yaranmış böhran vəziyyəti ilə onların yerli valyutalarının dollar qarşısında dəyərsizləşməsi xüsusilə vurğulanıb.
Bununla yanaşı, hesabatda neftin qiymətinin aşağı düşməsi ilə paralel olaraq ölkəmizdə yaşanmış ikinci devalvasiyanın ardınca yerli valyutamızın sərbəst üzən məzənnə rejiminə keçməsinin, həmçinin banklarda mövcud yüksək dollarlaşma səviyyəsinin onların gəlirliliyinə mənfi təsirsiz ötməyəcəyi öz əksini tapıb. Məhz bunları əsas götürərək, beynəlxalq agentlik bir sıra bankların reytinqini aşağı salıb.
Manatın devalvasiyası nəticəsində xarici valyutada kredit götürmüş müştərilərin geri-ödəniş qabiliyyətinin aşağı düşməsi ilə problemli kreditlərin artacağını və Bankın aktivlərinin keyfiyyətinin və gəlirliliyinin ölkənin cari vəziyyətində aşağı düşəcəyinin qaçılmaz olduğunu əsas götürərək, agentlik Bank of Baku-nun reytinqini B1 səviyyəsindən B3 səviyyəsinə dəyişmişdir.
Bunlara baxmayaraq, Bankın 01 yanvar 2016-ci il tarixinə olan maliyyə göstəricilərinə əsasən məcmu kapitalının adekvatlıq əmsalı 13.75% təşkil edir ki, bu da Mərkəzi Bankın təyin etdiyi minimum 10% tələbindən yüksəkdir. Qeyd olunan tarixə, bankın kredit portfeli üzrə yaratdığı ehtiyatın həcmi qeyri-işlək kreditlərin həcminin 98%-nə bərabərdir. Həmçinin, Bankın xarici valyutada verilmiş kreditlərin payı ümumi kredit portfelində 34%-dən aşağıdır ki, bu da bank sektorunun ən aşağı göstəricilərindən biri olaraq qiymətləndirilir. Devalvasiyadan öncə Bankın dollarla olan kredit portfeli ümumi portfelinin 26%-dən aşağı hissəsini təşkil edib.
Bütün bu göstəricilərə əsasən, həmçinin Bankın likvid aktivlərinin ümumi aktivlərə nisbətinin 17%-dən çox olmasını nəzərə alaraq Agentlik son nəşrində Bankın adekvat ehtiyatlarının və sağlam kapitalının yaxın 12-18 ay ərzində müşahidə olunacaq itkilərin qarşısının alınmasında kifayət edəcəyini qeyd edib.
Bank of Baku uzun illər ərzində qazandığı müştəri məmnuniyyəti və etibarının qorunub saxlanılaraq daha da gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Daha ətraflı:
145 məlumat mərkəzi