Tamara Mustafayeva, Banco.az
"Windows 11" yeni əməliyyat sistemi ilə kompüter istifadəçiləri üçün illərdir ki, qarabasmaya çevrilmiş mavi ekran xətası yerini qara ekrana buraxır.
Məlum olduğu kimi, hazırda texnologiya nəhəngi "Microsoft" şirkəti "Windows 11" əməliyyat sistemi ilə gündəmdədir. Bu yeni əməliyyat sistemi ilə şirkət istifadəçilərin vərdiş etdiyi mavi ekran xətasını dəyişdirir.
"The Verge" nəşrində yayımlanan xəbərə görə, kompüter və proqram təminatı kimi səbəblərdən yaranan mavi ekran xətası artıq yerini qara ekrana buraxır. Yeni sistem ilə istifadəçilər xəta ekranında qara rəng fonunda yazılar görəcəklər. Sözügedən dəyişikliklərin əsas səbəbi isə ekran rənginin yeni dizaynla uyğunluq təşkil etməsidir.
Xatırladaq ki, "Microsoft" şirkəti 2012-ci ildə mavi ekran xətasında ilk dəfə dəyişiklik edərək buraya "məyus üz ifadəsi"ni əlavə etmişdi. 2016-cı ildə isə yaranan xəta ilə bağlı müfəssəl məlumat əldə etməyə imkan yaradan müvafiq QR kod buraya əlavə olunmuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!