Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir” | Banco.az

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Müəllif: Gülnar Əhmədli, Banco.az

Məlumata görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Aztelekom" MMC-nin internetin minimum sürətinin və buna uyğun tarifin artırılması ilə bağlı müraciətini rədd edib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc mövzu ilə bağlı Banco.az-a  açıqlamasında bildirib ki, internet tariflərinin artırılması ilə bağlı “Aztelecom”un təklifinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilməməsini düzgün qərar hesab edirəm: 

"Çünki bu məsələyə yalnız telekommunikasiya operatorlarının xərcləri və gəlirləri baxımından deyil, ilk növbədə əhalinin alıcılıq qabiliyyəti və istehlakçıların maraqları nəzərə alınmaqla yanaşılmalıdır.

İnternet artıq lüks xidmət deyil, gündəlik həyatımızın ayrılmaz hissəsidir. İnsanlar internetdən təhsil, iş, biznes, elektron xidmətlər və ünsiyyət üçün istifadə edirlər. Buna görə də internet tarifləri əhalinin gəlirlərinə uyğun olmalı, vətəndaşların üzərinə əlavə maliyyə yükü qoyulmamalıdır. Hesab edirəm ki, hazırkı mərhələdə tarifləri artırmaq deyil, mövcud qiymətlər müqabilində xidmətin keyfiyyətini yüksəltmək əsas prioritet olmalıdır.

Nəzərə alaq ki, 2024-cü ilin avqustunda minimum internet paketi 40 Mbit/s sürət və 18 manat aylıq ödənişdən 100 Mbit/s sürət və 25 manatlıq tarifə dəyişib. Beləliklə, aylıq ödəniş təxminən 39 faiz artıb. Bu dəyişikliklə elan olunan internet sürəti də yüksəldilib. İndi isə yenidən qiymət artımının gündəmə gətirilməsi əvəzinə, istehlakçıların aldıqları xidmətin keyfiyyətinə diqqət yetirilməlidir".

Burada əsas sual budur: vətəndaş ödədiyi 25 manatın qarşılığında keyfiyyətli və fasiləsiz internet əldə edirmi? Elan olunan sürət faktiki olaraq təmin olunurmu? Bağlantıda yaranan problemlər vaxtında aradan qaldırılırmı? 

V. Orucun sözlərinə görə, operatorlar ilk növbədə bu suallara cavab verməli, xidmətin sabitliyini və texniki dəstəyin səviyyəsini yaxşılaşdırmalıdırlar: "Qonşu ölkələrlə müqayisə də maraqlı mənzərə ortaya qoyur. Ermənistanda internet tarifləri Azərbaycan qiymətlərinə kifayət qədər yaxındır, bəzi paketlərdə isə daha aşağıdır. Gürcüstan və Türkiyədə qiymətlər provayderə, sürətə və müqavilə şərtlərinə görə dəyişir. Lakin tarifləri müqayisə edərkən təkcə nominal qiymətə deyil, əhalinin gəlirlərinə, alıcılıq qabiliyyətinə və xidmətin keyfiyyətinə də baxmaq lazımdır. Eyni məbləğ müxtəlif ölkələrdə ailələrin büdcəsinə fərqli təsir göstərir".

Vüqar Oruc vurğulayıb ki, digər mühüm məsələ bazarda rəqabətin qorunmasıdır: "İstehlakçılara fərqli ehtiyaclara uyğun tarif paketləri təklif olunmalı, daha ucuz internet paketləri də əlçatan qalmalıdır. Hər kəsin yüksək sürətli internetə eyni səviyyədə ehtiyacı və maliyyə imkanı yoxdur. Buna görə də tarif siyasəti vətəndaşın seçim imkanlarını məhdudlaşdırmamalıdır. Əlbəttə, telekommunikasiya infrastrukturunun yenilənməsi və şəbəkənin genişləndirilməsi müəyyən investisiyalar tələb edir. Lakin bu xərclərin mövcudluğu avtomatik olaraq qiymətlərin artırılmasını zəruri etmir. Operatorlar səmərəliliyi yüksəltməli, xidmət keyfiyyətini yaxşılaşdırmalı və tarif dəyişikliyi ilə bağlı təkliflərini konkret iqtisadi göstəricilərlə əsaslandırmalıdırlar.

Hesab edirəm ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tarif artımına razılıq verməməsi istehlakçı maraqlarının qorunması baxımından düzgün yanaşmadır. Hazırda əsas məqsəd qiymətləri artırmaq deyil, vətəndaşın ödədiyi məbləğ müqabilində daha keyfiyyətli, sabit və etibarlı internet xidməti almasını təmin etmək olmalıdır. İnternet tarifləri əhalinin gəlirlərinə uyğun saxlanılmalı, xidmətin keyfiyyəti isə yüksəldilməlidir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram