"eBay" 1000 işçisini ixtisar edəcək | Banco.az

"eBay" 1000 işçisini ixtisar edəcək

Müəllif:Mehin Qasımova,Banco.az

Dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "eBay" qlobal işçi qüvvəsinin təxminən 9 faizini ixtisar etməyi planlaşdırır.

Təxminən 1000 əməkdaşı əhatə edəcək qərarın şirkətə 130–150 milyon dollar arasında başa gələcəyi gözlənilir.

Banco.az xəbər verir ki, şirkət açıqladığı məlumatda restrukturizasiya planının detallarını təqdim edib. İxtisarlarla bağlı xərclərin böyük hissəsinin 2026-cı ilin son rübündə qeydə alınacağı, prosesin isə əsasən 2027-ci ilin birinci rübünün sonunadək başa çatdırılacağı bildirilir.

eBay-ın məlumatına görə, xərclərin əsas hissəsini işdən çıxarılan əməkdaşlara ödəniləcək kompensasiyalar və digər müavinətlər təşkil edəcək. İxtisarların həyata keçirilmə müddəti ölkələrin əmək qanunvericiliyindən və işçi nümayəndələri ilə aparılacaq müzakirələrdən asılı olaraq dəyişə bilər.

Şirkət rəhbərliyi restrukturizasiyanın məqsədinin xərcləri azaltmaqla yanaşı, resursları daha yüksək artım potensialına malik istiqamətlərə yönəltmək olduğunu bildirib. Bununla belə, ixtisarlardan əldə ediləcək illik qənaətin həcmi açıqlanmayıb.

İxtisar qərarı şirkətin maliyyə göstəriciləri ilə bağlı müsbət gözləntilər fonunda açıqlanıb. "eBay" sentyabrın 30-da başa çatan üçüncü rüb üzrə nəticələrinin daha əvvəl açıqladığı proqnozları üstələyəcəyini gözlədiyini bildirib. Maliyyə hesabatının oktyabrın 28-də açıqlanması planlaşdırılır.

Şirkət üçüncü rübdə gəlirinin 3,07–3,12 milyard dollar, platformada satılan malların ümumi dəyərinin isə 22–22,4 milyard dollar olacağını proqnozlaşdırmışdı.

İkinci rübdə eBay-in gəliri illik müqayisədə 15 faiz artaraq 3,13 milyard dollara, platformadakı satışların ümumi dəyəri də 15 faiz yüksələrək 22,4 milyard dollara çatıb. Şirkət həmin dövrdə 552 milyon dollar xalis mənfəət əldə edib.