Tramp Yaponiya imperatoru Naruhito ilə görüşüb | Banco.az

Tramp Yaponiya imperatoru Naruhito ilə görüşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Donald Tramp Yaponiyanın yeni və ilk qadın Baş naziri Takaiçi Sanae ilə görüşündən əvvəl Yaponiya İmperatoru Naruhito ilə görüşüb.

Banco.az xəbər verir ki, Asiya turu çərçivəsində Yaponiyaya gələn Tramp səfərinin ilk günündə paytaxt Tokiodakı İmperatorluq Sarayında Naruhito tərəfindən qarşılanıb.

İmperatorluq İşləri Agentliyinin açıqlamasında bildirilib ki, təxminən 30 dəqiqə davam edən görüşdə tərəflər iki ölkə arasındakı münasibətləri və qlobal hadisələri müzakirə ediblər.

Açıqlamaya görə, Naruhito Trampın bu səfərinin “Yaponiya ilə ABŞ arasındakı dostluq əlaqələrini daha da gücləndirəcəyinə ümid etdiyini” ifadə edib.

Həmçinin qeyd olunub ki, Naruhito dünyada davam edən münaqişələrdən duyduğu narahatlığı və sülhün təmin edilməsinə dair arzusunu vurğulayıb. Görüş zamanı tərəflər müxtəlif beynəlxalq böhranların həlli istiqamətində göstərilən səylərə də toxunublar.

Açıqlamada əlavə edilib ki, Tramp Baş nazir Takaiçi dövründə iki ölkə arasındakı əlaqələri inkişaf etdirmək istədiyini bildirib.

Tramp sabah Yaponiyanın yeni seçilmiş Baş naziri Takaiçi ilə görüşəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram