Tramp bəzi kənd təsərrüfatı məhsullarını rüsumlardan azad edib | Banco.az

Tramp bəzi kənd təsərrüfatı məhsullarını rüsumlardan azad edib

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ administrasiyası mal əti, qəhvə, meyvə və digər kənd təsərrüfatı məhsullarını əvvəl tətbiq olunan rüsumlardan azad edib.

Banco.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bununla bağlı sərəncam imzalayıb.

Sərəncama görə, kənd təsərrüfatı məhsullarının bir sıra növlərinə qarşılıqlı tariflər tətbiq olunmayacaq.

Tramp bu qərarın bəzi ticarət tərəfdaşları ilə aparılan danışıqların vəziyyəti, müəyyən məhsullara daxili tələbat və ABŞ-da həmin məhsulların istehsal imkanları nəzərə alınaraq verildiyini qeyd edib.

Yeni qaydalar artıq qüvvədədir və onlar onlarla kateqoriyaya aid kənd təsərrüfatı məhsulunu – müxtəlif meyvələri, tərəvəzləri, qoz-fındıq növlərini, qəhvə və çayı əhatə edir.

ABŞ administrasiyası ölkədə ərzaq qiymətlərinin artması ilə əlaqədar geniş miqyaslı tarif azadolmalarına gedə bilər. Bu addım Vaşinqtonla rəsmi ticarət müqaviləsi olmayan ölkələrdən gətirilən məhsullara şamil oluna bilər.

Məlumata əsasən, sentyabr ayında Tramp ticarət naziri Hovard Lutnik və ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrirə ABŞ-da istehsal olunmayan hansı məhsulların tariflərdən azad ediləcəyini müəyyənləşdirməyi tapşırıb.