Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da sənaye istehsalı təxminən bir ilin ən yaxşı göstəricisini qeydə alıb.
Banco.az xəbər verir ki, ABŞ Mərkəzi Bankı (Fed) yanvar ayına dair sənaye istehsalı və istehsal gücündən istifadə göstəricilərini açıqlayıb.
Məlumatlara əsasən, ölkədə sənaye istehsalı yanvar ayında əvvəlki ayla müqayisədə 0,7 faiz artıb. Dekabr ayında sənaye istehsalında 0,2 faiz artım qeydə alınmışdı. Bazar gözləntiləri isə artımın 0,4 faiz səviyyəsində olacağı istiqamətində idi.
Yanvar ayı üzrə sənaye istehsalı təxminən son bir ilin ən yaxşı göstəricisini nümayiş etdirib. Bu artım əsasən emal sənayesi və elektrik enerjisi istehsalının hesabına baş verib.
Sənaye istehsalı illik müqayisədə 2,3 faiz yüksəlib.
Emal sənayesində istehsal dekabr ayında dəyişməz qaldığı halda, yanvar ayında 0,6 faiz artıb. Bu göstərici 2025-ci ilin fevral ayından bəri emal sənayesi üçün ən uğurlu nəticə hesab olunur.
ABŞ-də istehsal gücündən istifadə səviyyəsi yanvar ayında 76,2 faiz təşkil edib. Bu göstərici dekabr ayında 75,7 faiz səviyyəsində qeydə alınmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!
