Torpağa yatırım etmək nə zaman sərfəlidir? – Ekspert açıqlayır | Banco.az

Torpağa yatırım etmək nə zaman sərfəlidir? – Ekspert açıqlayır

Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az

Daşınmaz əmlak bazarında investisiya imkanları fərqli istiqamətləri əhatə edir və torpaq sahələri də bu baxımdan diqqət çəkən seçimlərdən biridir. Torpaq almağı planlaşdıran şəxslər ərazinin yerləşməsini, ətrafında aparılan işləri və gələcək inkişaf perspektivlərini nəzərə alırlar. Bununla yanaşı, torpaq sahəsinin seçilməsi zamanı mülkiyyət sənədləri, təyinatı və bazardakı vəziyyət kimi məqamlar da ön plana çıxır. Torpaq sahəsinə investisiya qoymaq hansı hallarda sərfəli ola bilər və investorlar qərar verməzdən əvvəl nələri araşdırmalıdırlar?

Əmlak eksperti Elnur Azadov Banco.az-a bildirir, torpaq mühüm sərvətdir və xüsusilə torpaq təklifinin və mövcud sahələrin azaldığı ərazilərdə onun investisiya məqsədilə alınması perspektivli hesab olunur.

“Lakin burada şəhərsalma prinsipləri, normativlər və qanunvericilik tələbləri mühüm rol oynayır. İnvestor torpaq sahəsini hansı məqsədlə əldə etdiyini əvvəlcədən müəyyənləşdirməlidir.

Məsələn, fərdi yaşayış evlərinin tikintisi üçün torpaq almaq istəyənlər ilk növbədə ərazinin təyinatına və şəhərsalma tələblərinə diqqət yetirməlidirlər. Bakı şəhərinin mərkəzdən kənar ərazilərində və ətraf yaşayış zonalarında fərdi evlərin tikintisi geniş yayılıb”.

“Müvafiq tələblərə cavab verən torpaq sahələrində fərdi yaşayış evlərinin inşası məqsədəuyğun investisiya variantı ola bilər. Bu zaman tikintinin hündürlüyü, sahəsi və ərazinin planlaşdırılması ilə bağlı müəyyən məhdudiyyətlər nəzərə alınmalıdır. Məsələn, ekspertin sözlərinə görə, torpaq sahəsinin hər sotuna 40 kvadratmetr tikinti sahəsi düşür və fərdi yaşayış evlərinin hündürlüyü 12 metrədək ola bilər. Bununla yanaşı, torpaq sahəsinin yaşayış məntəqələri təyinatlı olması və mülkiyyət hüququnun müvafiq sənədlərlə təsdiqlənməsi vacibdir” – deyə ekspert əlavə edib.