Yeni qlobal reallıqlar fonunda 2025-ci ilin ilk 10 ayında ölkə iqtisadiyyatında artım davam edib.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov 2026-cı ilin büdcə zərfinin müzakirəsində deyib.
AMB sədri bildirib ki, ticarət tərəfdaşlarımızda inflyasiya göstəriciləri azalıb: “Ötən ilin sonunda 11% olduğu halda, cari ilin sentyabrında bu göstərici 8,2% təşkil edib. ABŞ dolları indeksində də 10 ayda 8%-lik zəifləmə müşahidə olunub”.
Taleh Kazımov qeyd edib ki, yeni qlobal reallıqlar fonunda 2025-ci ilin ilk 10 ayında ölkə iqtisadiyyatında artım davam edib: “Bu artımın əsas mənbəyi qeyri-neft sektoru olub. Yanvar-oktyabr aylarında ÜDM real ifadədə 1,3%, qeyri-neft sektorunda isə 3,1% artım qeydə alınıb. Artım əsasən informasiya və rabitə, turizm və tikinti sahələrində müşahidə olunub. Mərkəzi Bankın proqnozlarına görə, 2025-ci ilin sonuna ÜDM-in 2,2%, 2026-cı ilin sonuna isə 2,0% artması gözlənilir. Qeyri-neft ÜDM-nin bu ilin sonunda 3,7%, 2026-cı ildə isə 4,4% təşkil edəcəyi proqnozlaşdırılır. 2025-ci ilin 10 ayında xarici ticarət balansı 2,4 milyard ABŞ dolları müsbət saldo ilə formalaşmış, cari əməliyyatlar balansının 6 aylıq profisiti 2,3 milyard dollar (ÜDM-in 6,3%-i) təşkil edib. Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən, ilin sonunda cari əməliyyatlar balansının profisiti 3,7 milyard dollar olacaq. Bütün bu amillər makroiqtisadi sabitliyin dayanıqlığını artırıb, strateji valyuta ehtiyatlarımızın genişlənməsinə şərait yaradıb. Belə ki, ilin ilk 10 ayında ehtiyatlarımız 16,2% artaraq 82,5 milyard ABŞ dollarına çatıb. Bu, Azərbaycanın iqtisadi gücünün və maliyyə dayanıqlığının bariz göstəricisidir”.
apa
