“İndi al, sonra ödə” rahatlığı borc yükünə çevrilə bilər – nələrə diqqət edilməlidir? | Banco.az

“İndi al, sonra ödə” rahatlığı borc yükünə çevrilə bilər – nələrə diqqət edilməlidir?

Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az            

Son illərdə “İndi al, sonra ödə” modeli istehlakçılara məhsul və xidmətlərin dəyərini hissə-hissə ödəmək imkanı yaradır. Bu üsul xüsusilə onlayn alış-verişdə və gündəlik istehlak xərclərində daha əlçatan görünür. Lakin ödənişin sonraya saxlanılması istehlakçıların alış qərarlarına və maliyyə davranışlarına da təsir edə bilər. Bu model insanları ehtiyaclarından daha çox xərcləməyə və borclanmaya sövq edir, yoxsa büdcəni idarə etməyi asanlaşdırır?

İstehlakçılar bu modeldən istifadə edərkən hansı məqamlara diqqət etməlidirlər ki, sonradan borc yükü ilə üzləşməsinlər?

İqtisadçı ekspert Xalid Kərimli Banco.az-a bildirir ki, “İndi al, sonra ödə” (BNPL – Buy Now, Pay Later) modeli təkcə bizdə deyil, İngiltərədə və dünyanın bir çox ölkəsində mövcuddur.

“Bu, pərakəndə ticarətdə geniş istifadə olunan bir üsuldur. Modelin həm müsbət, həm də riskli tərəfləri var. Müsbət tərəfi odur ki, insan ehtiyacı olan əşyanı alır və ödənişi bir neçə hissəyə bölərək sonradan həyata keçirir. Yəni məhsulu dərhal əldə edir, ödənişini isə daha sonra edir.

Mənfi tərəfi isə odur ki, insanlar daha çox istehlaka cəlb olunurlar. Bəzən gəlirlərindən çox xərcləyir və ya heç planlaşdırmadıqları alışları edirlər. Burada psixoloji amillər də rol oynayır. Məsələn, məhsulun qiyməti 1000 manat olduqda insan bu məbləği birdəfəlik ödəmək istəmir. Ancaq həmin qiymət 1200 manata qaldırılıb 10 hissəyə bölündükdə, hər ay 100-120 manat ödəmək ona daha asan görünə bilər.

Burada əsas məsələ odur ki, insan gələcəkdə qazanacağı pulu da indidən xərcləyir. Nəticədə istehlakçıların üzərinə borc yükü düşə bilər”.

O deyir ki, istehlakçılar ilk növbədə alışın ümumi qiymətini hesablamalı, yalnız aylıq ödəniş məbləğinə diqqət yetirməməlidirlər:

"Digər vacib məqam məhsulun nağd və hissə-hissə ödəniş zamanı qiymətini müqayisə etməkdir. Çünki hissə-hissə ödənişlə təqdim edilən qiymət nağd ödənişlə müqayisədə fərqli ola bilər. Bu fərqdə faiz elementi də ola bilər. İstehlakçılar məhsulu nağd şəkildə bir dəfəyə aldıqda nə qədər, hissə-hissə ödədikdə isə ümumilikdə nə qədər pul xərcləyəcəklərini bilməlidirlər.

Bundan əlavə, məhsulun qiymətinə diqqət yetirmək lazımdır. Hissə-hissə ödəmək o demək deyil ki, insan həmin məhsula görə pul ödəmir. Ödəniş yenə həyata keçiriləcək. Buna görə də istehlakçılar gələcək ödənişlərini əvvəlcədən planlaşdırmalı, vaxtı çatanda onları ödəyə biləcəklərinə əmin olmalıdırlar. Ödəniş gecikdikdə hansı problemlərin yarana biləcəyini, hansı cərimə və faizlərin tətbiq olunacağını da əvvəlcədən öyrənməlidirlər.

Məhsulun aylıq hissələrlə ödənilməsi əlverişli görünə bilər, lakin insan onun həqiqətən lazım olub-olmadığını və həmin məhsula pul xərcləmək istəyib-istəmədiyini də nəzərə almalıdır”.

“Eyni zamanda, hazırkı gəlir məhsulu almağa imkan versə belə, gələcəkdə gözlənilməz xərclər yarana və ya aylıq gəlirdə problemlər ortaya çıxa bilər. Buna görə də bütün bu məqamlar nəzərə alınaraq qərar verilməlidir.

“İndi al, sonra ödə” modeli pərakəndə ticarətdə şirkətlərin daha çox məhsul satmaq üçün istifadə etdiyi maliyyələşmə üsullarından biridir. Buna görə də istehlakçılar bu imkandan yalnız məhsula həqiqətən ehtiyacları olduqda və gəlirləri ödənişləri qarşılamağa imkan verdikdə istifadə etməlidirlər" – deyə ekspert əlavə edib.