Oktyabrın 22-də Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) kütləvi informasiya vasitələrinin nümayəndələri (KİV) üçün növbəti “Açıq qapı günü” təşkil etdi.
Tədbiri giriş sözü ilə açan QKDK-nın aparatının rəhbəri Bəxtiyar Əzizov “Açıq qapı günü”-nün keçirilməsinin ictimaiyyətin və KİV nümayəndələrinin komitənin struktur bölmələrinin fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanı yaratdığını bildirdi. B.Əzizov tədbirin Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində şəffaflığın artırılması və mərkəzi icra hakimiyyəti orqanlarının açıq hökumət prinsiplərinə uyğunlaşdırılması istiqamətində həyata keçirildiyini qeyd etdi.
Daha sonra QKDK-nın Tədavülün tənzimlənməsi şöbəsinin müdiri Ağahüseyn Xudaverdiyev təqdimat zamanı struktur bölmənin əsas fəaliyyət istiqamətləri və vəzifələri barəsində ətraflı məlumat verdi. A.Xudaverdiyev qiymətli kağızların tədavülünün tənzimlənməsi, qiymətli kağızlarla bağlanmış əməliyyatlara nəzarət, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən əqdlərə dair təqdim edilən hesabatların qəbulu və təhlili istiqamətində görülən işlər barədə məlumatları KİV nümayəndələrinin diqqətinə çatdırdı.
Sonda QKDK-nın fəaliyyət istiqamətləri barəsində KİV nümayəndələrini maraqlandıran suallar cavablandırıldı.