Müəllif: Tamara Mustafayeva, Banco.az
OPEC+ hasilat kvotalarının artırılmasına fasilə verməyi planlaşdırır.
Banco.az xəbər verir ki, mənbələrin bildirdiyinə görə, OPEC+ ölkələri avqustun 2-də onlayn formatda keçiriləcək iclasda sentyabr ayı üzrə gündəlik hasilat kvotasının 188 min barel artırılmasını təsdiqləməyi planlaşdırırlar. Bununla da hazırkı hasilat artımı mərhələsi başa çatacaq və bu il ərzində əlavə kvota artımı nəzərdə tutulmur.
Nümayəndələrdən biri qeyd edib ki, bu, hazırkı plandır, lakin bazar şəraitindən asılı olaraq dəyişdirilə bilər.
Davam edən münaqişə fonunda neft qiymətləri yüksək dəyişkənlik nümayiş etdirib. Keçən həftə fyuçers müqavilələri üzrə neftin bir barelinin qiyməti 100 dolları ötüb. Lakin ABŞ ilə İran arasında qarşıdurmanın səngiməsindən sonra qiymətlər yenidən 90 dolların altına düşüb.
ABŞ-ın İrana qarşı başladığı hərbi əməliyyatlar Yaxın Şərqdə neft hasilatını ciddi şəkildə məhdudlaşdırıb. Bu səbəbdən hasilat kvotalarında edilən dəyişikliklərin bazara təsirinin özünü göstərməsi üçün müəyyən vaxt tələb olunacağı bildirilir.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi və OPEC məsələ ilə bağlı hələlik hər hansı rəsmi açıqlama verməyiblər.
Bizi sosial şəbəkələrdən izləyin!!
