Müəllif: Tamara Mustafayeva, Banco.az
“Novatek”dən qiymətlərlə bağlı xəbərdarlıq.
Banco.az xəbər verir ki, Rusiyanın ən böyük özəl təbii qaz şirkəti “Novatek”in rəhbəri Leonid Mixelson İstanbulda keçirilən 19-cu Verona Avrasiya İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Avropa İttifaqının (Aİ) Rusiya mayeləşdirilmiş təbii qazına (LNG) tətbiq etdiyi məhdudiyyətləri və qlobal qaz bazarındakı vəziyyəti dəyərləndirib.
Mixelson qlobal LNG qiymətlərinin yüksək səviyyəsindən həm istehlakçıların, həm də tədarükçülərin narazı olduğunu bildirib. O, enerji təhlükəsizliyini gücləndirmək məqsədilə yaxın vaxtlarda yeni qərarların qəbul edilə biləcəyini qeyd edib.
Rusiyanın qlobal LNG bazarından kənarlaşdırılmasının mümkün olmadığını deyən Mixelson, “Rusiyanı necə təcrid etmək olar? Bu, mümkün deyil. Dünya böyükdür, istədiyimiz yerə tədarük həyata keçirə bilərik”, – deyə bildirib.
Mixelson Avropaya nəzərdə tutulan tədarüklərin başqa bazarlara yönəldilməsi ilə bağlı çətinlik yaşamadıqlarını vurğulayıb. O, Avropa şirkətlərinin mövcud uzunmüddətli müqavilələr çərçivəsində digər bazarlara həyata keçirilən tədarüklərdə də iştirak edə biləcəyini söyləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!
