Müəllif: Tamara Mustafayeva, Banco.az
Misir neft və təbii qaz məhsullarının qiymətini qaldırıb.
Banco.az xəbər verir ki, Misirin Neft və Təbii Sərvətlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, benzin və dizel kimi neft məhsullarının qiyməti 14–17 faiz, mayeləşdirilmiş neft qazının qiyməti 30 faiz, məişətdə istifadə olunan qaz balonları üçün qazın qiyməti isə 22 faiz artırılıb.
Açıqlamada vurğulanıb ki, qiymət artımı barədə qərar Yaxın Şərqdə baş verən hadisələr və onların qlobal enerji bazarlarına birbaşa təsiri səbəbindən qəbul edilib. Həm idxal, həm də yerli istehsal xərclərində ciddi artımlar qeydə alınıb.
Qeyd olunub ki, təchizat zəncirində yaranan fasilələr, risk səviyyəsinin yüksəlməsi, həmçinin daşınma və sığorta xərclərinin artması nəticəsində dünya üzrə xam neft və neft məhsullarının qiymətlərində “illərdir müşahidə olunmayan sıçrayış” baş verib.
ABŞ və İsrailin İrana hücumlarından sonra İran da neft və təbii qaz istehsal edən Körfəz ölkələrini hədəf alan cavab zərbələri endirib. Bu hadisələr fonunda Hörmüz boğazı kimi dəniz daşımalarının həyata keçirildiyi marşrutlarda da fasilələr yaranıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
