Məhsuldar süni intellekt tətbiqləri 1,87 milyard dollar gəlir əldə edib | Banco.az

Məhsuldar süni intellekt tətbiqləri 1,87 milyard dollar gəlir əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Məhsuldar süni intellekt tətbiqləri gəlirlərini iki dəfə artıraraq, bu ilin birinci yarısında 1,87 milyard dollar gəlir əldə edib.

Banco.az xəbər verir ki, texnologiya bazarını araşdıran “Sensor Tower” şirkətinin hesabatına görə, 2025-ci ilin ilk yarısında Məhsuldar Süni İntellekt (Gen AI) tətbiqləri həm yüklənmə sayında, həm də tətbiqdaxili gəlirlərdə əhəmiyyətli artım nümayiş etdirib. İstifadəçilər Gen AI tətbiqlərini 1,7 milyard dəfə yükləyiblər. Bu rəqəm 2024-cü ilin ikinci yarısında 1 milyard idi. Tətbiqlər tətbiqdaxili gəlirlərini ikiqat artıraraq 2025-ci ilin ilk yarısında 1,87 milyard dollar gəlir əldə edib. Bu göstərici 2024-cü ilin ikinci yarısında 932 milyon dollar idi.

Hesabatda qeyd olunub ki, istifadəçilər 2025-ci ilin ilk yarısında Gen AI tətbiqlərində 15,6 milyard saatdan çox vaxt keçiriblər. Bu rəqəm 2024-cü ilin ikinci yarısında 8,5 milyard saatdan çox olub. Həmin dövrdə 426 milyarddan çox sessiya qeydə alınıb.

Asiya Gen AI tətbiqləri üçün ən sürətlə böyüyən bazar olub və Hindistan və Çin kimi ölkələrin təsiri ilə yüklənmələr baxımından 42,6 faizlə bazar payına görə liderliyə yüksəlib. 2025-ci ilin ilk yarısında Asiyada yüklənmələrin artım faizi 80 təşkil edib. Bu göstərici Avropada 51 faiz, Şimali Amerikada isə 39 faiz olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram