Lego 2024-cü ildə xalis mənfəətini 5%, gəlirini isə 13% artırıb | Banco.az

Lego 2024-cü ildə xalis mənfəətini 5%, gəlirini isə 13% artırıb

Müəllif - Fərid İslamov - Banco.az

Dünyanın ən böyük oyuncaqlar istehsalçılarından biri olan Danimarkanın Lego A/S şirkəti 2024-cü ilin yekunlarına görə xalis mənfəətini 5,2% artıraraq 13,792 milyard Danimarka kronuna (təxminən 2 milyard ABŞ dolları) çatdırıb. 2023-cü ildə bu göstərici 13,109 milyard kron idi, – deyə şirkətin mətbuat relizində bildirilir.

Əməliyyat mənfəəti 9,6% artaraq 18,74 milyard krona yüksəlib (əvvəlki il – 17,11 milyard kron).

Gəlir isə 12,8% artaraq 74,325 milyard krona (təxminən 10,8 milyard ABŞ dolları) çatıb. Müqayisə üçün, 2023-cü ildə bu göstərici 65,914 milyard kron idi. Valyuta məzənnələrinin dəyişməsini nəzərə almadan, artım 14% təşkil edib.

Bunun fonunda qeyd olunmalıdır ki, qlobal oyuncaqlar bazarında ötən il 1%-lik azalma müşahidə olunub.

2024-cü il ərzində Lego 47 yeni mağaza açıb və ümumi mağaza sayı dünyada 1069-a çatıb (2023-cü ilin sonunda 1071 idi). Meksika, Macarıstan və Çində istehsalat genişləndirilib, Vyetnamda isə sınaq zavodunun işə salınması həyata keçirilib. ABŞ-da isə 2027-ci ildə istifadəyə veriləcək zavodun tikintisi davam edir.

Şirkətin əməkdaşlarının sayı ötən il 28,53 min nəfərdən 31,28 min nəfərə qədər artıb. Lego məhsulları hal-hazırda 120-dən çox ölkədə satılır.