Müəllif: Gülnar Əhmədli, Banco.az
İşəgötürənlər və işçilər üçün iş həyatında düzgün strategiya qurmaq uzunmüddətli uğur baxımından böyük əhəmiyyət daşıyır. Bu strategiyalar yalnız iş prosesi ilə deyil, şəxsi düşüncə və davranış tərzi ilə də bağlıdır.
İş həyatında uğur qazanmaq üçün nələr edilməli olduğu barədə çoxsaylı tövsiyələr mövcuddur. Lakin bu dəfə diqqəti edilməməli olan davranışlara yönəldirik. Həm işəgötürənlərin, həm də işçilərin diqqət etməli olduğu 6 əsas məqam bunlardır:
1. Problemləri gözardı etməyin
İş həyatında müxtəlif problemlərlə və insanlarla qarşılaşmaq mümkündür. Narahatlıq yaradan məsələləri kiçik hesab edərək görməzdən gəlmək onları həll etmir. Əksinə, bu problemlər uzun müddətdə həm şəxsi, həm də iş fəaliyyətinə mənfi təsir göstərə bilər. Buna görə də yaranan çətinlikləri vaxtında müəyyənləşdirib ən praktik yolla həll etmək vacibdir.
2. Hər şeyi şəxsi qəbul etməyin
İş mühitində görülən iş, davranış və münasibətlə bağlı müxtəlif tənqid və qiymətləndirmələrlə qarşılaşmaq normaldır. Bu fikirləri şəxsi məsələ kimi qəbul etməkdənsə, onlardan öz fəaliyyətini nəzərdən keçirmək üçün istifadə etmək daha məqsədəuyğundur. Gözlənilən vəzifənin və ya yüksəlişin əldə olunmaması da insanı paxıllıq və inciklik hisslərinə sürükləməməlidir.
3. İşləri ləngitməyin
Komanda işində tapşırıqları yavaş yerinə yetirmək və qərar qəbul etməkdə gecikmək ümumi iş prosesinə mənfi təsir göstərə bilər. Vaxtın düzgün idarə olunması və operativ qərar vermək peşəkar iş həyatında vacib bacarıqlardandır. Buna görə də işləri mümkün qədər çevik və vaxtında həyata keçirmək lazımdır.
4. Özünüzü arxa plana atmayın
Özünəinam çatışmazlığı və digər səbəblərdən daim geri planda qalmaq uzun müddətdə insanın inkişafına mane ola bilər. İş həyatında bacarıq və potensialı göstərmək, təşəbbüs irəli sürmək və özünü ifadə etmək mühüm əhəmiyyət daşıyır.
5. Heç kimi kiçik görməyin
Kimisə kiçik görmək və ya onun fikirlərinə əhəmiyyət verməmək insanın öz inkişafına da mane ola bilər. Başqalarının səhvlərindən nəticə çıxarmaq və müsbət davranışlarından nümunə götürmək mümkündür. Buna görə də təkəbbürlü davranışlardan çəkinmək lazımdır.
6. Əsas hədəfdən yayınmayın
Eyni anda çoxsaylı məsələlərə diqqət ayırmaq prioritetləri müəyyənləşdirməyi çətinləşdirə bilər. Müəyyən məqsəd seçmək və işləri həmin istiqamətdə planlaşdırmaq layihələrin daha keyfiyyətli həyata keçirilməsinə kömək edir. Buna görə həm iş, həm də sosial həyatda əsas prioritetləri müəyyənləşdirmək və planları bu istiqamətdə qurmaq vacibdir.
Nəticə etibarilə, gündəlik davranış və düşüncə tərzi iş həyatında uğura birbaşa təsir göstərə bilər. Problemləri vaxtında həll etmək, başqalarının uğurlarına deyil, öz inkişafına fokuslanmaq, tənqidə açıq olmaq, çevik davranmaq və əsas hədəfdən yayınmamaq uzunmüddətli peşəkar inkişaf üçün önəmli amillərdir.
Bizi sosial şəbəkələrdən izləyin!!
