Gürcüstanın Azərbaycana avtomobil idxalı 39 % azalıb | Banco.az

Gürcüstanın Azərbaycana avtomobil idxalı 39 % azalıb

Ötən il Gürcüstan Azərbaycana 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədəd avtomobil ixrac edib.

Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına  əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 39 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

2025-ci ildə Gürcüstan xarici ölkələrə 2 milyard 814 milyon ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 16 % və 5 % çoxdur.

Hesabat dövründə Gürcüstandan Qırğızıstana 1,42 milyard ABŞ dolları dəyərində 40 min 861 ədəd, Qazaxıstana 785 milyon ABŞ dolları dəyərində 44 min 767 ədəd, Tacikistana 162 milyon ABŞ dolları dəyərində 7 min 592 ədəd, Özbəkistana 78 milyon ABŞ dolları dəyərində 2 min 658 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,4 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.