Müəllif: Tamara Mustafayeva, Banco.az
Fransada illik inflyasiya 0,6 faiz olaraq açıqlanıb.
Banco.az xəbər verir ki, Fransanın may ayı üzrə inflyasiya göstəricisi Avropa Mərkəzi Bankının (ECB) 2%-lik hədəfindən aşağı enərək illik əsasda 0,6%-ə geriləyib. Bu, 2021-ci ilin dekabrından bəri qeydə alınan ən aşağı səviyyədir.
May ayında istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,2% azalıb.
"Bloomberg" tərəfindən keçirilən sorğuda iştirak edən analitiklər illik 0,9%, aylıq isə 0,1% artım proqnozlaşdırırdı, lakin göstəricilər onların gözləntilərindən daha aşağı olub.
Fransada enerji qiymətləri illik 8,1%, istehsal malları isə 0,2% azalıb. Xidmət sektorunda isə illik inflyasiya 2,4%-dən 2,1%-ə düşüb.
Bu göstəricilər Avrozonada daha geniş miqyasda inflyasiyanın zəiflədiyini göstərir. Avropanın digər böyük iqtisadiyyatlarında da may ayına dair inflyasiya göstəricilərinin ECB-nin hədəfindən aşağı olacağı gözlənilir.
İnflyasiyanın aşağı düşməsi siyasətçiləri faiz dərəcələrini daha da azaltmağa təşviq edə bilər. ECB-nin 5 iyun tarixində depozit faiz dərəcəsini əlavə olaraq 0,25 faiz bəndi azaltması gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!