Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) qlobal neft bazarlarında baş verən prosesləri nəzərə alaraq, bu il və gələn il üçün neftin orta qiyməti proqnozunu yüksəldib.
Banco. az xəbər verir ki, EIA-nın “Noyabr 2025-ci ilin Qısamüddətli Enerji Görünüşü”nə əsasən, bu il Brent markalı neftin bir barelinin orta qiyməti 68,76 dollar səviyyəsində proqnozlaşdırılır. Əvvəlki hesabatda qiymət 68,64 dollar olaraq qiymətləndirilmişdi.
West Texas Intermediate (WTI) markalı xam neftin bir barelinin orta qiymətinin 65,15 dollar olacağı gözlənilir. Ötən ay WTI-nin qiyməti 65 dollar olub.
EIA gələn il üçün orta barel qiymətlərini Brent markalı neft üçün 54,92 dollar, WTI üçün isə 51,26 dollar səviyyəsində proqnozlaşdırır.
Əvvəlki hesabatda Brent markalı neftin bir barelinin orta qiyməti 52,16 dollar , WTI markalı xam neftin bir barelinin orta qiyməti isə 48,50 dollar səviyyəsində proqnozlaşdırılırdı.
Çinin strateji neft ehtiyatlarını artırmaq üçün yüksək həcmli alışları davam etdirməsi və Rusiyaya qarşı yeni sanksiyaların hasilatı məhdudlaşdıra bilmə ehtimalı qiymətlərin yuxarıya doğru revize edilməsində təsirli olub.
EIA hesab edir ki, Çin yanvar-sentyabr ayları arasında strateji ehtiyatına gündə orta hesabla 800.000 barel neft əlavə edib . Agentlik Çinin 2026-cı ildə alışını davam etdirəcəyini, lakin bu illə müqayisədə daha yavaş bir templə olacağını proqnozlaşdırır.
EIA, Rusiyaya qarşı sanksiyaların 2026-cı ilin birinci rübündə gündəlik xam neft hasilatını 100 min barel azaldacağını təxmin edir, lakin sanksiyaların daha güclü təsir göstərəcəyi təqdirdə hasilatın azaldılmasının gözləniləndən daha çox ola biləcəyi və bunun da qiymətləri artıra biləcəyi bildirilir.
ABŞ-da orta gündəlik xam neft hasilatının bu il əvvəlki 13,53 milyon barreldən 13,59 milyon barrelə çatacağı gözlənilir.
Gələn il hasilatın sutkada orta hesabla 13,58 milyon barel olacağı proqnozlaşdırılır. Əvvəlki hesabatda gündəlik 13,51 milyon barel proqnozlaşdırılırdı.
Digər tərəfdən, bu il qlobal neft tədarükünün gündəlik orta hesabla 105 milyon 980 min barrel, qlobal neft istehlakının isə 104 milyon 140 min barrel olacağı təxmin edilir.
2026-cı ildə qlobal tədarükün gündəlik orta hesabla 107 milyon 370 min barrelə, istehlakın isə gündəlik 105 milyon 200 min barrelə çatacağı gözlənilir.
