Çində sənaye şirkətlərinin mənfəəti may ayında 21,1 faiz artıb | Banco.az

Çində sənaye şirkətlərinin mənfəəti may ayında 21,1 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində sənaye şirkətlərinin mənfəəti may ayında 21,1 faiz artıb.

Banco.az xəbər verir ki, Çində sənaye şirkətlərinin mənfəəti may ayında illik müqayisədə 21,1 faiz artaraq əvvəlki aylarda müşahidə olunan yüksəliş tempini qoruyub.

Çin Milli Statistika Bürosunun (NBS) açıqlamasına görə, illik dövriyyəsi 20 milyon yuandan (təxminən 2,94 milyon dollar) çox olan sənaye müəssisələrinin ümumi mənfəəti may ayında ötən ilin eyni ayı ilə müqayisədə 21,1 faiz artıb.

Sənaye müəssisələrinin mənfəəti ilin ilk iki ayında 15,2 faiz, mart ayında 15,8 faiz, aprel ayında isə 27,4 faiz artım göstərdikdən sonra, may ayında da yüksək artım tempini davam etdirib.

Sənaye müəssisələrinin mənfəəti ilin ilk beş ayında ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz yüksəlib.

Mənfəətliliyin artmasına Yaxın Şərqdəki müharibə səbəbindən enerji və xammal qiymətlərinin yüksəlməsi nəticəsində bu sahələrdə fəaliyyət göstərən şirkətlərin gəlirlərinin artması, həmçinin süni intellektlə əlaqəli sənaye sahələrində infrastruktur və avadanlıqlara tələbin güclənməsi təsir göstərib.

Çində sənaye şirkətlərinin mənfəəti 2025-ci ildə 0,6 faiz artaraq əvvəlki üç ildə qeydə alınan azalmadan sonra ilk dəfə yüksəliş göstərmişdi. Mənfəət 2022-ci ildə 4 faiz, 2023-cü ildə 2,3 faiz, 2024-cü ildə isə 3,3 faiz azalmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram