Müəllif:Mehin Qasımova,Banco.az
Beynəlxalq Valyuta Fondu (BVF) Yaxın Şərq və Mərkəzi Asiya üçün Regional İqtisadi Perspektivlər üzrə Yenilənmiş Hesabatını dərc edib.
Banco.az xəbər verir ki, hesabatda Yaxın Şərqdəki müharibənin regionun iqtisadi perspektivlərinə əhəmiyyətli dərəcədə təsir etdiyi vurğulanır.
Hesabatda ilin əvvəlində regionun bir çox ölkəsində iqtisadi fəaliyyətin sürətləndiyi və inflyasiyanın azaldığı qeyd olunub. Lakin Hörmüz boğazının bağlanması, neft və təbii qaz istehsalının pozulması və körfəzə və körfəzdən keçən hava nəqliyyatına ciddi təsir dərhal iqtisadi nəticələrə səbəb olub.
Hesabatda bildirilir ki, münaqişə əvvəlcə regional şok kimi başlamış, lakin tezliklə qlobal miqyasda genişlənib.
Hesabatda qeyri-müəyyənliklərin yüksək səviyyədə qaldığı qeyd edilərək, prosesin gedişatının əsasən 7 apreldə elan edilən atəşkəsin daimi olub-olmayacağından və qlobal və regional sabitliyin bərpa olunub-olunmayacağından asılı olduğu bildirilir.
BVF Yaxın Şərq və Şimali Afrika regionunda artımın 2025-ci ildəki 3,2 faizdən bu il 1,1 faizə qədər yavaşlayacağını, daha sonra isə 2027-ci ildə 4,8 faizə yüksələcəyini gözləyir. Qurum 2025-ci ilin oktyabr ayı üçün proqnozunda regionun həm 2026, həm də 2027-ci illərdə 3,7 faiz böyüyəcəyini proqnozlaşdırılıb.
Hesabatda bildirilir ki, Bəhreyn, Küveyt və Qətərin iqtisadiyyatlarının bu il müvafiq olaraq 0,5%, 0,6% və 8,6% azalması gözlənilir. Bunun əksinə olaraq, Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyatlarının müvafiq olaraq 3,5%, 3,1% və 3,1% böyüməsi proqnozlaşdırılır.
