Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniya Avropa İttifaqı (Aİ) ilə razılaşdıraraq, Rusiya xam neftinin qiymət həddini bir barel üçün 60 dollardan 47,6 dollara endirib.
Banco.az xəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Böyük Britaniya Rusiyanın neft gəlirlərini birbaşa hədəf alan yeni tədbirlərlə bu ölkə üzərində iqtisadi təzyiqləri artırmağı planlaşdırır.
Bu çərçivədə, Böyük Britaniya Avropa İttifaqı ilə koordinasiyalı şəkildə hərəkət edərək Rus xam neftinə tətbiq edilən maksimum qiyməti aşağı salıb. Beləliklə, Rus xam nefti üçün qiymət limiti bir barel üçün 60 dollardan 47,6 dollara endiriləcək.
Bu addımın məqsədi Rus xam neftinin bazar dəyərini aşağı salmaq və bu ölkənin maliyyə mənbələrini azaltmaqdır.
Açıqlamada fikirlərinə yer verilən Böyük Britaniyanın Maliyyə Naziri Reyçel Rivz xam neftin maksimum qiymətinin endirilməsi ilə bağlı bu addımın Rusiyanın neft gəlirlərini hədəfə alacağını, bir tərəfdən Rusiya üzərində təzyiqi artırarkən, digər tərəfdən enerji bazarlarının sabitliyini qoruyacağını bildirib.
Xarici İşlər Naziri Devid Lammi isə “Putin sülh danışıqlarını təxirə salmağa davam edərkən biz sadəcə tamaşaçı qala bilmərik” ifadəsini işlədib.
Avropa İttifaqı da bu gün elan etdiyi sanksiyalar paketində, Rus xam neftinə tətbiq edilən bir barel üçün 60 dollarlıq qiymət həddində dəyişiklik ediləcəyini, yeni qiymətin orta bazar qiymətindən 15% aşağı qalacaq dinamik bir mexanizm vasitəsilə müəyyənləşdiriləcəyini açıqlamışdı. Aİ bu çərçivədə yeni maksimum qiymətin bir barel üçün 47,6 dollar olacağını bəyan edib.
Bizi sosial şəbəkələrdən izləyin!!