Bakıda Türk Dövlətlərinin Fintex Ekosistemləri Arasında Regional Əməkdaşlıq Müzakirə Olunub | Banco.az

Bakıda Türk Dövlətlərinin Fintex Ekosistemləri Arasında Regional Əməkdaşlıq Müzakirə Olunub

Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə Bakıda keçirilən Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı çərçivəsində Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın fintex ekosistemlərinin nümayəndələri rəqəmsal ödənişlərin gələcəyini, regional əməkdaşlıq imkanlarını və transsərhəd maliyyə xidmətlərinin inkişaf perspektivlərini müzakirə ediblər.

Tədbirdə iştirakçı ölkələrin fintex bazarlarının inkişaf xüsusiyyətləri, ödəniş infrastrukturlarının təkmilləşdirilməsi, banklar və fintexlər arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də ödəniş xidmətlərinin tənzimlənməsində ortaq yanaşmaların formalaşdırılması kimi aktual məsələlər diqqət mərkəzində olub.

Müzakirələr zamanı milli ödəniş sistemlərinin beynəlxalq platformalarla inteqrasiyası, transsərhəd ödənişlərin sürətləndirilməsi, rəqəmsal identifikasiya həlləri, yerli valyutalarla hesablaşmalar və ödəniş məlumatlarının maliyyə xidmətlərinin təkmilləşdirilməsində istifadəsi ilə bağlı imkanlar da nəzərdən keçirilib.

Azərbaycan Fintex Assosiasiyası (AzFina) olaraq bu cür beynəlxalq təşəbbüsləri regional maliyyə inteqrasiyasının gücləndirilməsi, qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsi və fintex bazarları arasında yeni tərəfdaşlıqların qurulması baxımından mühüm hesab edirik. Türk dövlətlərinin fintex ekosistemləri arasında əməkdaşlığın inkişafı innovativ maliyyə həllərinin tətbiqinə, rəqəmsal maliyyə xidmətlərinin əlçatanlığının artırılmasına və transsərhəd əməliyyatların daha səmərəli təşkilinə töhfə verə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram