4 dollar xərclədilər, 675 min dollar qazandılar | Banco.az

4 dollar xərclədilər, 675 min dollar qazandılar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Lotereyada böyük məbləğ udmaq milyonlarla insanın arzusudur. Kanadada yaşayan Ancelina və Edvard Lado cütlüyü isə bu şansı iki dəfə əldə edib. Onlar ilk dəfə 2018-ci ildə 2,5 milyon dollar qazanıblar. Səkkiz il sonra isə cütlük yenidən böyük uduşa sahib olub. Üstəlik, bu dəfə 675 min dollarlıq mükafat cəmi 4 dollarlıq lotereya biletindən çıxıb.

Banco.az xəbər verir ki, Ancelina və Edvard Lado “Set for Life” adlı ani lotereya oyunundan aldıqları biletlə 675 min dollar qazanıblar. Onlara mükafatı 25 il ərzində həftədə 1 000 dollar olmaqla almaq və ya məbləği birdəfəlik götürmək seçimi təqdim edilib.

Cütlük pulu uzun illər ərzində almaqdansa, 675 min dolları birdəfəlik götürməyə qərar verib. İkinci dəfə böyük uduş qazandıqlarını öyrənmək Edvard Lado üçün gözlənilməz olub. O bildirib ki, həyat yoldaşı xəbəri verəndə əvvəlcə buna inanmayıb. Evə qayıdıb bileti yoxlayana qədər həyat yoldaşından sakit olmasını istəyib.

Bilet təsdiqləndikdən sonra cütlük səkkiz il ərzində ikinci dəfə böyük məbləğ qazandıqlarına əmin olub.

Cənubi Sudandan Kanadaya köçən Ancelina və Edvard Lado 2018-ci ildə qazandıqları 2,5 milyon dollarla da gündəmə gəlmişdilər. Həmin vaxt Edvard Lado uduşun onun üçün ən böyük əhəmiyyətlərindən birinin körpəlikdən bəri görmədiyi anasını taparaq Kanadaya gətirmək imkanı yaratması olduğunu bildirmişdi.

İlk uduş ailənin həyatında mühüm dəyişikliklərə yol açıb. İkinci böyük qazanc isə övladlarının gələcəyi üçün yeni imkanlar yaradıb.

Səkkiz il ərzində iki dəfə böyük lotereya uduşu qazanan cütlüyün hekayəsi nadir rast gəlinən şans nümunəsi kimi diqqət çəkir. Ancelina və Edvard Lado yeni qazandıqları pulu necə istifadə edəcəklərini hələ müəyyənləşdirməyiblər. Cütlük sərvətlərini necə dəyərləndirəcəkləri ilə bağlı qərar vermək üçün tələsməyəcəklərini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram