Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib | Banco.az

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

9 noyabr 2026-cı il tarixindən qüvvəyə minəcək qərar bank sektorunda kredit risklərinin daha effektiv idarə olunması, borcalanların ödəmə qabiliyyətinin etibarlı qiymətləndirilməsi və prudensial tələblərin mövcud risklərə uyğunlaşdırılması məqsədi daşıyır.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, dəyişikliklər kredit risklərinin qiymətləndirilməsi və idarə olunması çərçivəsinin təkmilləşdirilməsinə, kreditləşmə prosesində tətbiq olunan yanaşmaların risk səviyyəsi ilə daha sıx uzlaşdırılmasına yönəlib.

Bu çərçivədə davranış modelləri əsasında kreditləşmə üzrə tələblər və həmin kreditlər üzrə ehtiyatlandırma yanaşmaları təkmilləşdirilib. Məqsəd borcalanların ödəmə qabiliyyətinin daha etibarlı məlumatlar əsasında qiymətləndirilməsi, risklərin adekvat nəzərə alınması və prudensial tələblərin mütənasibliyinin artırılmasıdır. Eyni zamanda, bu yanaşma risklərin effektiv idarə olunmasını təmin etməklə bankların kreditləşmə imkanlarının dəstəklənməsinə xidmət edir.

Digər dəyişikliklər aktivlərin təsnifləşdirilməsi zamanı risklərin daha dolğun nəzərə alınmasına, eləcə də nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslərin kredit öhdəlikləri üzrə məlumatların qiymətləndirilməsi yanaşmalarının təkmilləşdirilməsinə yönəlib. Bununla yanaşı, istehlak kreditləşməsində zaminlik mexanizminə dair tələblərdə risklərin daha effektiv idarə olunması, borc öhdəliklərinin dayanıqlılığının qorunması və kredit təminatının etibarlılığının artırılması prinsipləri əsasında təkmilləşdirilib.

Qəbul edilmiş dəyişikliklər borcalanların ödəmə qabiliyyətinin daha etibarlı məlumatlar əsasında qiymətləndirilməsinə, davranış modellərindən irəli gələn risklərin daha səmərəli idarə olunmasına və bank sektorunda dayanıqlı kreditləşmə mühitinin dəstəklənməsinə yönəlib .

Təsdiq olunmuş dəyişiklikləri aşağıdakı keçid vasitəsilə nəzərdən keçirmək mümkündür:

https://e-qanun.az/framework/62730

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram