Azərbaycanlı turistlər I rübdə Gürcüstanda təxminən 50 milyon dollar xərcləyiblər | Banco.az

Azərbaycanlı turistlər I rübdə Gürcüstanda təxminən 50 milyon dollar xərcləyiblər

Azərbaycanlı turistlər bu ilin birinci rübündə Gürcüstanda 48,6 milyon ABŞ dolları xərcləyiblər.

 Gürcüstan KİV-nin məlumatına görə bu barədə Gürcüstan Milli Bankının hesabatında deyilir.

Ötən ilin eyni dövrü ilə müqayisədə göstərici 19,8 % artıb.

Gürcüstanın turizmindən əldə etdiyi ümumi gəlir 2025-ci ilin birinci rübündə 2,3 % artaraq 823 milyon ABŞ dolları olub. Gəlir strukturunda Rusiyanın payı 141,8 milyon ABŞ dolları təşkil edib. Göstəricinin 17,2 % azalmasına baxmayaraq, Rusiya Gürcüstana turist axınında lider mövqeni tutur.

Həmçinin turizmdən əldə edilən gəlirlərin əhəmiyyətli hissəsi İsrail (114,2 milyon ABŞ dolları), Türkiyə (107,1 milyon ABŞ dolları) və Avropa İttifaqının (103,2 milyon ABŞ dolları) payına düşüb.

Ermənistandan turist axınında azalma müşahidə edilib. Belə ki, birinci rübdə erməni turistlər Gürcüstanda 28,2 milyon ABŞ dolları xərcləyiblər. Bu isə ötən ilin eyni dövrünün göstəricisindən 10 % azdır. İran üzrə 27,2 milyon ABŞ dolları (8 %), Belarus üzrə isə 15,9 milyon ABŞ dolları (3,8 %) göstəricinin azalması qeydə alınıb.

report