Sığorta ödənişləri sığorta olunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq ödəniləcək.
Sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Qeyd olunur ki, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi sığorta olunanın sığorta hadisəsi baş verənədək malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsidir.
Bu baxımdan sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsinin vahid meyar üzrə dəyərləndirilməsi məqsədilə birdəfəlik sığorta ödənişinin də sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilə əlaqələndirilməsi təklif olunur.
Birdəfəlik sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə həyata keçiriləcək.
Peşə əmək qabiliyyətinin itirilməsi özündə, eyni zamanda, əlilliyin müəyyən edilməsi, yəni orqanizm funksiyalarının itirilməsini də ehtiva edir.
