Avropada elektromobillərin bazar payı azalıb | Banco.az

Avropada elektromobillərin bazar payı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən il Avropa İttifaqında (AB) ümumi avtomobil satışı 10,6 milyona çatıb.

Banco.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatlarına görə, Aİ avtomobil bazarı 2023-cü illə müqayisədə ötən il 0,8 faiz artaraq ümumilikdə 10,6 milyon satışla ili başa vurub.

Ötən il İspaniyada 7,1 faizlik artım istisna olmaqla, Aİ bazarındakı böyümə 2023-cü illə müqayisədə aşağı olub. Fransada 3,2 faiz, Almaniyada 1 faiz, İtaliyada isə 0,5 faiz azalma qeydə alınıb.

Ümumi artıma baxmayaraq, Aİ avtomobil bazarının həcmi hələ də KOVID-19 pandemiyasından əvvəlki səviyyədən 18,4 faiz geri qalır.

Benzinlə işləyən avtomobillər 2024-cü ildə 33,3 faizlik bazar payı ilə liderliyini qoruyub, lakin 2022-ci ildəki 35,3 faizlik payla müqayisədə azalma müşahidə edilib.

Ötən il dizel avtomobillərinin satışı 1 milyon 267 min olub və bu nəqliyyat vasitələrinin bazar payı 2023-cü ildəki 13,6 faizdən 11,9 faizə enib.

Aİ-də hibrid avtomobillərin satışı 2023-cü illə müqayisədə 20,9 faiz artaraq 3,3 milyon ədədə çatıb. Bununla da hibrid avtomobillər ümumi avtomobil bazarının 30,9 faizini təşkil edib.

Elektrik avtomobilləri 2024-cü ildə də alıcılar üçün üçüncü ən populyar seçim olaraq qalıb, lakin onların bazar payı 2023-cü ildəki 14,6 faizdən ötən il 13,6 faizə düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram