Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Macarıstan və Slovakiya ilə nüvə əməkdaşlığını gücləndirir.
Banco.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları Macarıstan və Slovakiya rəhbərlikləri ilə nüvə əməkdaşlığını nəzərdə tutan sazişlər imzalayaraq regiondakı strateji təhlükəsizlik maraqlarını möhkəmləndirməyi hədəfləyir.
ABŞ Dövlət Departamenti tərəfindən yayılan açıqlamada 15–16 fevral tarixlərində Slovakiya və Macarıstana rəsmi səfərlər edən ABŞ dövlət katibi Marko Rubionun keçirdiyi görüşlər çərçivəsində imzalanmış razılaşmalara diqqət çəkilib.
Açıqlamada ABŞ-a məxsus nüvə enerjisi texnologiyaları vasitəsilə Mərkəzi Avropada yeni nüvə obyektlərinin inşa olunması və region üzrə təhlükəsizlik maraqlarının möhkəmləndirilməsi məqsədilə “konkret addımlar” atıldığı vurğulanıb.
Məlumatda bildirilib ki, bu təşəbbüslər regionun enerji təminatı təhlükəsizliyini gücləndirmək, sənaye potensialını artırmaq və süni intellekt kimi qabaqcıl texnologiyalar sahəsində rəqabət qabiliyyətini dəstəkləmək üçün əsas yaradır. Həmçinin qeyd olunub ki, Slovakiya ilə ABŞ arasında imzalanan müqavilə reaktor layihəsinin hazırlıq mərhələsinin həyata keçirilməsini nəzərdə tutur.
Açıqlamaya əlavə olaraq bildirilib ki, Macarıstan ilə ABŞ arasında imzalanmış saziş nüvə sahəsində əməkdaşlıq üçün möhkəm zəmin formalaşdıracaq.
Bizi sosial şəbəkələrdən izləyin!!
